Tikinti geriləyir
Azərbaycanda tikinti sektoru 2026-cı ilin yanvar-oktyabr aylarında 6,8 faiz kiçilib. Dövlət Statistika Komitəsinin noyabrın 13-də yaydığı məlumata görə, tikintidə yaradılan əlavə dəyər real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə bu qədər azalıb. Tikinti iqtisadiyyatın əsas sahələri arasında geriləyən yeganə sahədir.
Eyni dövrdə ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, bu da ötən ilin on ayından 1,7 faiz çoxdur. Komitənin məlumatına görə, neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.
Ən sürətli artım nəqliyyat və anbar təsərrüfatında (10,2 faiz) və informasiya və rabitədə (9,9 faiz) olub. Turistlərin yerləşdirilməsi və ictimai iaşədə əlavə dəyər 4,6 faiz, ticarətdə 3,8 faiz, kənd təsərrüfatında 1,4 faiz, sənayedə isə cəmi 0,4 faiz artıb.
ÜDM-in 35 faizi sənayenin, 10,6 faizi ticarətin, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,2 faizi kənd təsərrüfatının, 5,5 faizi isə tikintinin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. Komitə bir neçə gün əvvəl sənaye məhsulu istehsalının da on ayda azaldığını açıqlamışdı.


