Bakıya səfir namizədi tənqiddə
ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə irəli sürdüyü Aleksandr Olden barədə son günlər Amerika mediasında tənqidi yazılar çıxıb. Azadlıq Radiosunun bu yazılara əsaslanan xülasəsinə görə, iddialardan biri Oldenin sanksiyalara məruz qalmış bosniyalı serb lider Milorad Dodiki dəstəkləməsi ilə bağlıdır. Dodik 2025-ci ildə ABŞ-nin sanksiya siyahısından çıxarılıb.
ABŞ-nin “Semafor” nəşri azı altı mənbəyə istinadla yazıb ki, Olden Bosniya və Herseqovinanın Serb Respublikası ilə Tramp administrasiyası arasında münasibətlərin istiləşməsində əsas fiqurlardan biri olub. Mənbələrdən biri onun Dövlət Departamentində Dodikin maraqlarını müdafiə etdiyini iddia edib. Olden bu iddialara hələlik cavab verməyib.
Digər mübahisə Oldenin ABŞ-nin texnologiya və müdafiə şirkəti “Palantir” ilə maliyyə bağlılığıdır. “NOTUS” nəşrinin yazdığına görə, o, 2021-ci ildən şirkətdə baş məsləhətçi işləyir və şirkətdə 5-25 milyon dollarlıq səhmə, həmçinin hələ tam adına keçməmiş 1-5 milyon dollarlıq əlavə paya sahib olduğunu açıqlayıb. Olden təsdiqlənərsə, 90 gün ərzində səhmlərini satacağına və şirkətdən ayrılacağına söz verib. Azadlıq Radiosu xatırladır ki, bu ilin martında Azərbaycan rəsmiləri Böyük Britaniyada “Palantir”in nümayəndələri ilə görüşüb əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Respublikaçı senator Tom Tillis noyabrın 10-da Oldenin namizədliyinin sürətlə təsdiqlənməsinə imkan verməyəcəyini açıqlayıb. Belə olarsa, onun təsdiqi yeni Konqresin işə başlayacağı yanvaradək uzana bilər. Tramp Virciniya ştatından olan Oldeni iyunun əvvəlində irəli sürüb; o, əvvəllər Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda vəzifələr tutub. ABŞ-nin Bakıdakı sonuncu səfiri Mark Libbi 2024-cü ilin dekabrında istefa verib, səfirliyə hazırda müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.


