Abdullayevlər şikayətdən imtina edib
Avropa İnsan Hüquqları Məhkəməsi həbsdəki keçmiş deputat Hüseyn Abdullayevin və anası Zeynəb Abdullayevanın Azərbaycana qarşı şikayətini baxılan işlər siyahısından çıxarıb. Məhkəmənin qərarında deyilir ki, ərizəçilər 2026-cı il iyunun 19-da şikayəti geri götürmək istədiklərini bildiriblər. Üç hakimdən ibarət komitə qərarı oktyabrın 15-də qəbul edib, ərizəçilərə noyabrın 12-də yazılı bildirilib.
Şikayət 2021-ci ildə verilib, Konvensiyanın ədalətli məhkəmə, ifadə azadlığı, hüquqların məhdudlaşdırılmasından sui-istifadə və mülkiyyət hüququna dair maddələri üzrə şikayətlər Azərbaycan hökumətinə göndərilmişdi. Azadlıq Radiosunun yazdığına görə, söhbət Abdullayevin 2018-ci ildə İstanbulda saxlanılaraq məhkəmə qərarı olmadan Bakıya gətirilməsindən, mühakiməsindən və anasının da onunla birlikdə mühakimə olunmasından gedir.
Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada hökuməti tənqid edən “Susma” mahnısına klip yayımlayıb və siyasi sığınacaq alıb. Bakı Hərbi Məhkəməsi ona dələduzluq, vergidən yayınma və digər ittihamlarla 6 il həbs, anasına isə bacısının pasportu ilə sərhədi keçməyə görə 4 min manat cərimə verib, ailənin bir çox əmlakı müsadirə olunub. Onlar ittihamları qəbul etməyib. 2024-cü ilin martında, cəzasının bitməsinə 40 gün qalmış, Abdullayevə qarşı yeni iş açılıb və o, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamı ilə 9 il həbs cəzası alıb.
Zeynəb Abdullayeva son illərdə bir neçə dəfə prezident İlham Əliyevə müraciət edərək oğlunun səhhətinin ağır olduğunu deyib və onun azadlığa buraxılmasını istəyib. Vəkil Cavad Cavadov da 59 yaşlı keçmiş deputatın vəziyyətinin ağır olduğunu dəfələrlə bildirib. Abdullayev 2005-2007-ci illərdə Milli Məclisin deputatı olub.


