Microsoft-da qlobal nasazlıq

Microsoft-un 365 xidmətlərində noyabrın 12-si axşam başlayan nasazlıq 20 saatdan çox davam edib. BBC-nin yazdığına görə, Outlook poçtu, Teams və süni intellekt köməkçisi Copilot dünyanın bir çox ölkəsində tam və ya qismən işləməyib: istifadəçilər məktub göndərə və ala, faylları və təqvimlərini aça bilməyiblər. “Downdetector” saytına cümə axşamı axşam 74 ölkədən 140 mindən çox istifadəçi Outlook-la bağlı problem bildirib. Microsoft-un məlumatına görə, onun 365 proqramlarından 430 milyondan çox adam istifadə edir.

Microsoft nasazlığın kiberhücum olmadığını bildirib və onu infrastrukturuna düşən “artan yük”lə izah edib. Şirkətin sözlərinə görə, çoxlu server gözlənilmədən əlçatmaz olub, iş qalan serverlərin üzərinə düşüb və onlar da yükü daşıya bilməyib. Microsoft gecikən məktubların itməməsi üçün poçt gözləmə müddətini 48 saata qədər uzadıb. Cümə günü günortadan sonra şirkət Avropada bərpanın irəlilədiyini, poçt növbələrinin normal səviyyəyə yaxınlaşdığını bildirib, amma bəzi istifadəçilərdə fasilələrin davam edə biləcəyini deyib.

Nasazlıq ABŞ-də şəhər idarələrinə və Los-Ancelesdən Texasa qədər məhkəmələrə, Böyük Britaniyada ailə həkimlərinə, apteklərə, polisə və məktəblərə, Kanadada Torontonun xəstəxana şəbəkəsinə, Yaponiyada isə hökumətin ortaq İT platformasına təsir edib. Microsoft-un xidmətlərindən istifadə edən OpenAI də bəzi alətlərinin işində problem olduğunu bildirib.

Böyük Britaniyanın Reading Universitetinin professoru Ceyms Ferrimen BBC-yə deyib ki, serverlərin təhlükəsiz əlaqə quran hissəsi yükü daşıya bilməyib, bir server dayananda işi növbətisinə keçib, eyni vaxtda milyonlarla telefon və kompüter yenidən qoşulmağa çalışıb: “Hamısını birdən yandırmaq olmur, hissə-hissə bərpa etmək lazımdır”. Skype və Uber-in keçmiş mühəndisi Gergeli Orosz bunun işgüzar poçt tarixində “ən dağıdıcı” nasazlıq ola biləcəyini deyib.

Leave A Reply