Sahə rəisinə 3 il həbs
Bakıda “Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya xəttinə düşərək ölən 28 yaşlı Cümşüd Cümşüdlünün işi üzrə hökm oxunub. Prosesi izləyən “Abzas Media”nın yazdığına görə, Nərimanov Rayon Məhkəməsi noyabrın 19-da Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovu 3 il azadlıqdan məhrum edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dövlət ittihamçısı oktyabrın 15-də Cümşüdovun 5 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəmişdi. Məhkəmə daha yüngül cəza verib.
Əvvəlki iclaslarda ifadə verən sahibkarlar yolun hadisədən xeyli əvvəl çökməyə başladığını, lakin problemin aradan qaldırılmadığını deyiblər. Ərazidə obyekti olan Səyyar Nuriyevin sözlərinə görə, çökmə 2025-ci ilin yanvar-fevral aylarından başlayıb və o, bununla bağlı üç dəfə “Azərsu”nun qaynar xəttinə zəng edib. Nuriyev ərazidə qoyulan dəmir məhəccərlərin yeri tam əhatə etmədiyini və yerə bərkidilmədiyini də bildirib.
Azər Cümşüdov isə şahidlə razılaşmayıb. O, məhəccərlərin kifayət qədər olduğunu və hadisədən sonrakı gün işçilərinin həmin dəmirləri sahibkarların öz obyektlərinə apardığını gördüklərini deyib. Nuriyev bu iddianı “yalan” adlandırıb və məhəccərləri kimin götürdüyünü müəyyən etmək üçün ərazidəki kameraların görüntülərinə baxmağın kifayət olduğunu bildirib.
Bakı Su Kanal İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tərkibindədir. Cəmiyyət hökm barədə hələlik mövqe bildirməyib.


