Torpaq sənədində boşluq bağlanır
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun “plan-ölçü” sənədi əsasında da rəsmiləşdirilməsi təklif olunur. Bununla bağlı Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər layihəsi noyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.
Layihə “Torpaq islahatı haqqında” qanunla vətəndaşlara verilmiş, lakin mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaqlarla bağlı problemi həll etməlidir. Həmin qanuna görə, belə torpaqlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi verirdi. 2006-cı il iyulun 6-dan isə hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarış verilməyə başlanıb, şəhadətnamələrin verilməsi dayandırılıb və Komitə vətəndaşlara yalnız torpağın plan və ölçüsünü göstərən texniki sənəd, yəni plan-ölçü verib.
Nəticədə eyni qanunla torpaq almış vətəndaşların bir qismi mülkiyyət şəhadətnaməsi əldə edib, 2006-cı ilin iyuluna qədər müraciət etməyənlərin əlində isə yalnız plan-ölçü qalıb. Plan-ölçü hüquq müəyyən edən sənəd olmadığı üçün onun əsasında torpağı dövlət reyestrində qeydiyyata almaq və çıxarış əldə etmək mümkün olmayıb. Eyni problem bələdiyyələrin ayırdığı və Komitənin 2006-2015-ci illərdə plan-ölçü tərtib etdiyi həyətyanı torpaqlarda da var.
Layihəyə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaqlar üçün tərtib edilmiş plan-ölçü mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılacaq.
Layihə komitədən sonra Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmalıdır.


