Doğum və nikah azalır
Azərbaycanda doğum sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 64 min 43 körpə doğulub, əhalinin hər 1000 nəfərinə düşən doğum sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4-dən 8,3-ə enib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız olub.
Eyni dövrdə ölkədə 44 min 919 ölüm halı qeydə alınıb; hər 1000 nəfərə düşən ölüm göstəricisi dəyişməyərək 5,8 olaraq qalıb. Beləliklə, doğumların ölümləri üstələməsi hesabına təbii artım doqquz ayda təxminən 19 min nəfər təşkil edib.
Nikahların sayı da azalıb. Yanvar-sentyabrda 31 min 85 nikah və 15 min 30 boşanma qeydə alınıb. Hər 1000 nəfərə düşən nikah sayı 4,7-dən 4-ə düşüb, boşanmalar isə eyni səviyyədə qalıb. Bu, doqquz ayda hər iki nikaha təxminən bir boşanma düşdüyü deməkdir.
Komitənin məlumatına görə, ilin əvvəlindən əhalinin sayı 20 min 474 nəfər, yəni 0,2 faiz artaraq oktyabrın 1-nə 10 milyon 282 min 825 nəfərə çatıb. Əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi kəndlərdə yaşayır; 50,2 faizi qadın, 49,8 faizi kişidir.
Doqquz ayda daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gəlib, ölkədən isə 1780 nəfər gedib. Miqrasiya saldosu müsbət 1350 nəfər olub. Məktəblərdə şagirdlərin sayı da azalıb. Dövlət Statistika Komitəsinin başqa məlumatına görə, 2025/2026-cı tədris ilində ölkə məktəblərində 1 milyon 674 min 700 şagird təhsil alıb; bu, bir il əvvəlkindən 20 min 400 nəfər azdır.


