Kolleclərdə böyük dəyişiklik
Azərbaycanda kolleclər 2030-cu ilədək müvafiq universitetlərin tabeliyinə veriləcək və onlarla birgə fəaliyyət göstərəcək. Bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman noyabrın 20-də orta ixtisas təhsili müəssisələrinə bu ilki tələbə qəbulunun nəticələrinə həsr olunmuş tədbirdə deyib.
Süleymanın sözlərinə görə, 2027-2030-cu illərdə, xüsusən də bu dövrün sonuna doğru kolleclərə qəbul əsasən 11-ci sinif bazasından aparılacaq. 9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq, 9-cu sinif bazasından qəbul isə gələcəkdə yalnız peşə təhsili müəssisələrində olacaq.
Nazirlik rəsmisi qiyabi təhsilin də mərhələli şəkildə tamamilə məhdudlaşdırılıb aradan qaldırılacağını bildirib. Onun sözlərinə görə, bunun əvəzinə 2027-2030-cu illər üçün hazırlanan ilkin layihədə hibrid-distant təhsil formasının tətbiqi nəzərdə tutulur: bu model əvvəlcə pilot layihə kimi universitetlərdə, sonra digər təhsil pillələrində sınaqdan keçiriləcək. Süleyman 9-cu sinifdən qəbulun məhdudlaşdırılmasını və qiyabi təhsilin ləğvini beynəlxalq təcrübə və müasir tələblərlə izah edib.
Nazirlik kolleclərdə tədris olunan ixtisasları da yeniləyir. Rəsmi təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atıldığını və 2027-2030-cu illərdə bu sahədə də dəyişikliklər gözlənildiyini deyib.
Hazırda Azərbaycanda bəzi kolleclər artıq universitetlərin nəzdində fəaliyyət göstərir. Kolleclər indi həm 9-cu, həm də 11-ci sinifdən sonra tələbə qəbul edir. Nazirliyin sektor müdiri Səbinə Babayevanın həmin tədbirdə açıqladığı rəqəmlərə görə, bu il kolleclərə 25 min 310 yerə 22 min 71 tələbə qəbul olunub, plan 87,2 faiz yerinə yetirilib. Qəbul olunanların 74 faizi, yəni 16 min 413 nəfəri 11-ci sinfi bitirənlərdir.


