Balkonun qarşısında beton divar

Balkonundan mənzərə əvəzinə beton divar görən Bakı sakini Fövqəladə Hallar (FHN) naziri Kəmaləddin Heydərova videomüraciət edib. Sakin videoda nazirdən divarın nə üçün tikildiyini soruşur.

Sakinin sözlərinə görə, evinin qarşısındakı obyektin damında 60 metr uzunluğunda qanunsuz divar tikilib. O deyir ki, divarın sökülməsi üçün üç qərar çıxarılıb və 30 günlük müddət də qoyulub, amma divar hələ də yerindədir.

Videonun müəllifi özünün 15 il zabit kimi işlədiyini və bu divara görə işdən çıxarıldığını da deyir. Fövqəladə Hallar Nazirliyinin iddialara münasibəti hələlik bəlli deyil.

Bakıda və ətrafında qanunsuz tikililər tez-tez şikayət mövzusu olur. Bu ay açıqlanan rəsmi məlumata görə, təkcə Xəzər sahilində 3 200-dən çox özbaşına tikili var. Sakinin şikayət etdiyi divarın kimə məxsus obyektin damında tikildiyi videoda göstərilmir.

Leave A Reply