Dron fotosuna həbs təklifi

Rusiyanın bir qrup senatoru Dövlət Dumasına dron hücumlarının və terror aktlarının nəticələri barədə məlumatın icazəsiz yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim edib. Sənəd noyabrın 26-da Dumanın qanun layihələri bazasında yerləşdirilib.

Layihə Cinayət Məcəlləsinə yeni 208.5-ci maddənin əlavə edilməsini nəzərdə tutur. Maddənin birinci hissəsi oxşar əmələ görə artıq inzibati cəza almış şəxslərə aid olacaq və 3 ilədək həbs nəzərdə tutur. İkinci hissə hər kəsə aiddir, amma yalnız ağır nəticə - ehtiyatsızlıqdan ölüm, sağlamlığa və ya əmlaka zərər, kütləvi ictimai asayiş pozuntusu - olduqda; bu halda cəza 5 ilədək həbsdir.

Layihənin izahat qeydində yazılır ki, sənəd yayılması dövlətin müdafiə qabiliyyətini, əhalinin, strateji və hərbi obyektlərin təhlükəsizliyini təhdid edə biləcək məlumatın qorunması üçün hazırlanıb.

Rusiyanın 30-dan çox regionunda belə görüntülərin yayılmasına artıq qadağa var. Moskvada qadağa 2026-cı ilin mayından qüvvədədir və vətəndaşlar üçün 3-5 min, vəzifəli şəxslər üçün 30-50 min, hüquqi şəxslər üçün 50-200 min rubl cərimə nəzərdə tutur.

Leave A Reply