Kredit borcu artır

Azərbaycanda əhalinin banklara kredit borcu təxminən 20 milyard manata çatıb. Bu ilin hər üç rübündə əhalinin kredit borcları artıb.

Mərkəzi Bankın banklar arasında keçirdiyi son kredit şərtləri sorğusunda iştirak edən bankların 20%-i əhalinin borclanmasında orta səviyyəli artım olduğunu bildirib, 78%-i isə dəyişiklik görmədiyini qeyd edib.

Ümumi rəqəmlər də artımı göstərir: bu ilin ilk doqquz ayında kreditlər 12% artıb. Keçən ilin eyni dövründə bu göstərici 6,5% olub, yəni kreditləşmə təxminən iki dəfə sürətlənib.

Faizlər isə yüksək qalır. Bankların verdiyi adi istehlak kreditlərinin orta faizi 20%-i keçib. Dövlət xətti ilə verilən güzəştli ipotekanın faizi 4-8% arasındadır, bankların öz ipoteka kreditləri isə 10-17%-ə qədər çıxır.

Mərkəzi Bank son vaxtlar uçot dərəcəsini bir neçə dəfə endirib. Müstəqil media qurumlarının araşdırmalarına görə, buna baxmayaraq kredit faizləri aşağı düşmür, çünki banklar arasında real rəqabət yoxdur.

Mərkəzi Bankın statistik bülleteninə görə, bu ilin may ayında bank sistemindəki istehlak kreditlərinin həcmi 9,8 milyard manat olub, bu da ümumi kredit portfelinin 31,7%-i deməkdir. Fevralda həmin rəqəm 9,5 milyard manat idi.

Əhalinin banklara borcu artarkən dövlət büdcəsi də gəlir itkisi ilə üzləşir: Hesablama Palatasının hesablamasına görə, gömrük bu il büdcəyə 300 milyon manat az gətirəcək.

Leave A Reply