ABŞ-İran müharibəsi
ABŞ və İran iki həftəlik atəşkəs edəcək. Bu barədə Donald Tramp sosial media hesabında bəyanat yayıb.
O atəşkəsə razılıq verməsinin səbəbini belə izah edib:
“Biz artıq bütün hərbi məqsədlərə nail olmuşuq və daha artığını etmişik, həmçinin İranla davamlı sülhə və Yaxın Şərqdə sülh üçün yekun razılaşmaya nail olmaq üçün çox yol qət etmişik.
Biz İrandan 10 maddəlik təklif almışıq və hesab edirik ki, bu, danışıqlar üçün məqbul əsasdır. Demək olar ki, keçmişdə mübahisə mövzusu olan müxtəlif məsələlərin hamısı ABŞ və İran arasında razılaşdırılıb, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılması və rəsmiləşdirilməsi üçün imkan yaradacaq”.
ABŞ-İran danışıqlarının ilk raundunun aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcəyi bildirilir.
- İranın Ali Təhlükəsizlik Şurası Pakistan vasitəsilə ABŞ-yə 10 maddəlik təklif təqdim etdiyini təsdiqləyib:
- İrana qarşı təcavüzdən imtina etmək
- Hörmüz boğazı üzərində İranın nəzarətini qorumaq;
- Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
- Bütün əsas sanksiyaların ləğv edilməsi;
- Bütün ikinci dərəcəli sanksiyaların ləğv edilməsi;
- BMT Təhlükəsizlik Şurasının İranla bağlı bütün qətnamələrinin ləğv edilməsi;
- Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün qətnamələrinin ləğv edilməsi;
- İrana kompensasiya ödənilməsi;
- Amerika qoşunlarının bölgədən çıxarılması;
- Livanda “Hizbullah”a qarşı müharibə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoyulması.
Donald Tramp isə paylaşım edərək bildirib ki, İran uranı zənginləşdirməyəcək. O əlavə edib ki, ABŞ İranla sanksiyaların ləğvi barədə müzakirələr aparacaq.
10 maddəlik təklifin Livanı da əhatə etməsinə baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb ki, bu atəşkəs Livanı əhatə etmir. İsrail ordusu bu gün ərzində Livan ərazisini bombalamağa davam edib.
Atəşkəs açıqlamasından sonra bu gün İranın Lavan adasında yerləşən neft bazası bombalanıb. İran kanalları isə BƏƏ, Bəhreyn və Küveytə dron ilə cavab hücumu edildiyini açıqlayıb.
ABŞ-İran müharibəsi