İran
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 6-da X-də İranın nüvə proqramı barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat və ABŞ-yə köçürülmə imkanı təklif edib. Mükafat proqramın obyektləri, avadanlığı, alimlər də daxil olmaqla onunla bağlı işçilər, eləcə də bunların yerinin dəyişdirilməsi barədə məlumata görə verilir. Təklif Dövlət Departamentinin “Ədalət naminə mükafatlar” (Rewards for Justice) proqramı çərçivəsindədir.
Dövlət Departamenti açıqlamasında bildirir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) təminatlar üzrə öhdəliklərinə əməl etmədiyi üçün agentlik sentrifuqalar kimi əsas komponentlərin istehsalını və ehtiyatlarını fasiləsiz izləmək imkanını itirib. Maksimum məbləğin hansı şərtlərlə veriləcəyi açıqlanmayıb. 1984-cü ildə yaradılan proqram ABŞ vətəndaşlarının həyatını və ölkənin maraqlarını qorumağa kömək edən məlumatlar üçün mükafat verir.
Tramp dəfələrlə ABŞ ordusunun İranın nüvə proqramını faktiki olaraq tamamilə məhv etdiyini deyib. DW-nin yazdığına görə, o, noyabrın 6-da Floridada bir daha deyib ki, ABŞ İrana zərbə endirməsəydi, bu gün İsrail olmazdı. Tramp bu həftə hələ bir-iki hədəfi “həll etməli” olduğunu, onların arasında İranın mərkəzindəki “Kirka dağı”nın (Pickaxe Mountain) olduğunu da demişdi. Orada nüvə obyekti olduğu ehtimal edilir, Tehran isə bunu inkar edir.
Nüvə proqramı ilə bağlı fikir ayrılığı ABŞ ilə İran arasında müharibəni bitirəcək razılaşmanın ən çətin məsələsi olaraq qalır. Tramp istənilən sazişdə bu məsələnin həll olunmalı olduğunu deyir.


