“Amnesty International” Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azad edilməsi üçün ölkə prezidentinə məktub kampaniyası başladıb.
Beynəlxalq hüquq-müdafiə təşkilatı Səmədov və Əbilovun “qondarma ittihamlar və ədalətiz məhkəmə prosesi” ilə müvafiq olaraq 15 və 18 il həbsə məhkum edilməsini pisləyir. Onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
“İqbal Əbilov və Bəhruz Səmədovun qondarma ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilməsi akademik tənqidi boğmaq və siyasi cəhətdən həssas mövzulara toxunmaqdan çəkindirmək cəhdinin bir hissəsi kimi görünür”, – “Amnesty International” deyir.
Noyabr ayınadək davam edəcək kampaniya Azərbaycan Prezidenti İlham Əliyevə müraciət məktubları ünvanlamaq niyyətindədir. Məktubun dərc olunan nümunəsində Azərbaycan hakimiyyətinin tənqidi rəyi və ya araşdırmanı susdurmaq üçün cinayət ədliyyə sistemindən uzun müddətdir sui-istifadə etdiyi vurğulanır.
Gənc tədqiqatçılara müvafiq tibbi yardımın, Ombudsman və müstəqil müşahidəçilərlə görüşlərin təmin edilməsinə çağırılır.
Karlovı universitetinin doktorantı Bəhruz Səmədov Azərbaycanda siyasi proseslər, insan hüquqları kimi mövzularda tənqidi məqalələri, sülh və anti-müharibə çağırışları ilə tanınır. “Amnesty International” xatırladır ki, hələ 2020-ci ildə müharibə əleyhinə fikirləri Səmədovu hakimiyyətin hədəfinə çevirib. Dövlət mediası, ekspertlər və rəsmilər tərəfindən açıq şəkildə “satqın” kimi qaralanıb.
2024-cü ilin avqustunda saxlanılan Bəhruz Səmədov iyun ayının 23-də dövlətə xəyanətdə günahkar bilinərək 15 il həbsə məhkum edilib.
Səmədov bütün ittihamları rədd edərək bildirib ki, Ermənistan kəşfiyyatı ilə hər hansı əməkdaşlığa dair heç bir sübut yoxdur. Onun mətbuatda dərc olunan yazıları Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə, insan haqlarına yönəlib.

“Hansısa məxfi və ya həssas məlumatın paylaşıldığına dair heç bir əlamət yoxdur”
Ötən ilin iyulunda saxlanılan tədqiqatçı İqbal Əbilov isə mayın 23-də “dövlətə xəyanət” və “milli ədavətin salınması” ittihamları ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
“Amnesty International” Əbilova qarşı ittihamların onun talışların problemləri, dili, tarixi və mədəni kimliyi ilə bağlı uzun illər davam edən akademik işindən qaynaqlandığı qənaətindədir.
Hökumətin nəzarətində olan media isə hələ məhkəmə prosesi başa çatmamış Əbilov barəsində yazılar tirajlayıb. Onu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndiriblər.
Məlumata görə, İqbal Əbilova qarşı məhkəmədə təqdim olunan əsas sübut Ermənistandan olan akademik həmkarı ilə azlıqların hüquqları ilə bağlı fikir mübadiləsi olub. İttiham tərəfi bunun casusluq və dövlətə xəyanət olduğunu iddia edib.
Əbilov bütün ittihamları bir qayda olaraq rədd edib. “Amnesty International” onun həmkarlarına istinadən bildirir ki, sözügedən yazışma linqvistik və etnoqrafik tədqiqatlara yönəlmiş elmi əməkdaşlığın bir hissəsi olub. Və hansısa məxfi və ya həssas məlumatın paylaşıldığına dair heç bir əlamət yoxdur.
35 yaşlı tədqiqatçının məhkəmələrinin qapalı keçirildiyini vurğulayan “Amnesty International”, bunun məhkəmə prosesinin qərəzsizliyi ilə bağlı ciddi narahatlıq doğurduğunu əlavə edib.
“Azərbaycan rəsmiləri və dövlət mediası Əbilovu məhkəmə prosesi başa çatmamışdan xeyli əvvəl satqın və xəyanətkar kimi təqdim edərək onun təqsirsizlik prezumpsiyasını pozdular. Bəhruz Səmədovun işində olduğu kimi, dövlətə xəyanət iddialarını və sonradan çıxarılan ağır cəzanı əsaslandırmaq üçün heç bir mötəbər sübut ictimaiyyətə təqdim edilmədi”, – “Amnesty International” bildirir.
