Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı milli qanunvericiliyini və toplaşma azadlığı praktikasını Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırmağa çağırır. Qurum dekabrın 3-də yaydığı Aralıq Qətnamədə dərin narahatlıq hissilə bildirib ki, hakimiyyət hələ də AİHM-in “Qafqaz Məmmədov işi” üzrə qərarların icrası üzrə planlarını açıqlamayıb.

Komitə Aralıq Qətnaməsini AİHM-in qərarlarının icrası üzrə son iclasından sonra dərc edib. Komitə qeyd edir ki, 30-dan çox iş üzrə Avropa Məhkəməsi ərizələrinin hüquqlarının saysız pozuntularını aşkarlayıb. Söhbət onların icazəsiz dinc nümayişlərinin dağıdılmasından, həbsindən, ədalətsiz məhkum edilməsindən və saxlanmasından gedir.

Azərbaycan AİHM-dən ən çox cəza alan ölkələrdən biridir

41 iddianın birləşdiyi iş

“Qafqaz Məmmədov Qrupu Azərbaycana qarşı” işi Azərbaycan vətəndaşlarının 41 iddiasını özündə birləşdirir. Şikayətlər 2012-ci ildən bəri qanunsuz həbslər və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlıdır.

Hakimiyyət orqanları icazəsiz keçirilən toplantıları dağıtmaq hüququnun olduğunu deyir. Amma yerli qanunvericiliyə görə, toplantı keçirmək niyyəti barədə hakimiyyət orqanlarına bildiriş vermək kifayətdir.

Komitə qeyd edir ki, dinc toplaşma azadlığı demokratik cəmiyyətdə fundamental hüquqdur, belə cəmiyyətin təməlində dayanır. Bu işlərin üzə çıxardığı problemlər, özəlliklə də yerli qanunvericiliklə praktikanın uyğunsuzluğu 2016-cı ildən Komitədə baxılma prosesindədir.

Foto: Dekabrın 1-də Bakıda polis icazəsiz etiraz aksiyasının qarşısını alıb

 

Ətraflı informasiya istənilir

Bu iş üzrə ilk qərarın verilməsindən 5 ildən çox keçir. Komitə bildirir ki, Azərbaycan hakimiyyətindən Məhkəmənin müəyyənləşdirdiyi nöqsanları həll etmək üçün planlaşdırılan, yaxud görülən tədbirlər haqda ətraflı informasiya istəyib, amma hakimiyyət bunu etməyib.

Ona görə də Komitə hakimiyyəti görülən, yaxud planlaşdırılan işlər haqda ətraflı fəaliyyət planı təqdim etməyə çağırır.

Azərbaycan qeydiyyata görə təzminat ödəyəcək

AİHM bu günlər Azərbaycanla bağlı bir neçə qərarını açıqlayıb. Dekabrın 2-də açıqlanmış “Seçkilərin Monitorinq Mərkəzi (SMM) və başqaları Azərbaycana qarşı” işi ilə bağlı qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddəsinin pozuntusu tanınıb.

Dekabrın 1-də Bakıda “Saleh Rüstəmliyə azadlıq” tələbi ilə keçirilən aksiyada isə 5 nəfər saxlanılıb, müxalifət liderlərindən Tofiq Yaqubluya ciddi xəsarət yetirilib. Daxili İşlər Nazirliyi aksiyanın dağıdılmasını razılaşdırılmamış olması və pandemiya dövrünə düşməsi ilə izah edib. Yaqublunun polis şöbəsində döyülməsi haqda deyilənləri əsassız adlandırıb.

 

Mənbə: Azadlıq Radiosu

Leave A Reply