Kür, iqlim dəyişikliyi
Asiya İnkişaf Bankının “Buzlaqlardan fermalara” proqramı çərçivəsində hazırlanan hesabatında deyilir ki, 2035-ci ilədək Kür hövzəsində qış temperaturu təxminən 1 dərəcə, 2085-ci ilədək isə 5 dərəcəyə qədər yüksələ bilər. Yay aylarında da temperaturun 5 dərəcəyədək qalxması, yağıntıların 20 faizədək azalması proqnozlaşdırılır.
Payız və qışda yağıntıların bir qədər artacağı, yaz və yayın isə daha quraq keçəcəyi gözlənilir. Sənəddə Gürcüstan ərazisində torpaq sürüşməsi, qəfil daşqın və sel, buzlaq göllərinin yarılması ehtimalının artacağı yazılır. Qışda qar örtüyünün üzərinə yağış yağması daşqın riskini daha da yüksəldə bilər.
Hesabata görə, hövzədə buzlaqların geri çəkilməsi geniş yayılmış prosesdir. Yayın sonunda çaydakı su axını əsasən qarın əriməsi hesabına təmin olunur.
Tədqiqatı bank Yaşıl İqlim Fondunun dəstəyi ilə dörd çay hövzəsində, Kür, Narın, Pənc və Svat hövzələrində aparıb. Kür Azərbaycanın ən böyük çayıdır.
Foto: Yevlax yaxınlığında Kür çayı, 2025, Wikimedia Commons.


