Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi, belçikalı deputat Kristof Lakrua “Abzas Media” jurnalistləri barəsindəki uzunmüddətli həbs cəzalarının qüvvədə saxlanılmasından məyusluğunu ifadə edib.
Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunu araşdıran Kristof Lakrua sentyabrın 12-də yaydığı bəyanatında həbsdə olan jurnalistlərlə həmrəy olduğunu deyib.
Məruzəçi bəyanatında “Abzas Media”nın direktoru Ülvi Həsənlinin keçmişdə AŞPA-dakı dinləmələrdə iştirakından, 2025-ci il Vatslav Havel İnsan Hüquqları mükafatına üç əsas namizəddən biri olmasından bəhs edib.
O vurğulayıb ki, Ülvi Həsənli iyunun 20-də 9 il həbs cəzasına məhkum edilib və hazırda ağır şəraitdə, uzaq həbsxanada saxlanılır. Həsənli buna görə aclıq aksiyaları edib.
“Həsənli və digər jurnalistlərə qarşı “qaçaqmalçılıq” kimi ittihamların məqsədi, tənqidi səsləri, ələlxüsus, korrupsiya hallarını araşdıranları susdurmaq olduğu görünür. “Abzas Media” jurnalistlərinə qarşı hökmlər, təəssüf ki, ayrı-ayrı hadisələr deyil, Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı geniş və davamlı təzyiqlərin bir tərkib hissəsidir”, məruzəçi deyib.
Bakı Apellyasiya Məhkəməsi “Abzas Media işi” üzrə məhkum edilən 7 jurnalistin apellyasiya şikayətini təmin etməyib. Sentyabrın 9-da çıxarılan qərarda onlar barəsindəki 7-9 il arası həbs cəzalarını qüvvədə saxlanılıb.
“Mən Azərbaycanın cəsur jurnalistləri və hüquq müdafiəçiləri ilə həmrəyəm”, – AŞPA məruzəçisi deyib və onların azad edilməsi istiqamətində dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
O, azad medianın istənilən demokratik cəmiyyətin təməli olduğunu əlavə edib. Müstəqil medianı, araşdırma jurnalistikasını məhdudlaşdırmaq cəhdlərinin yaxşı idarəetmənin əsasını sarsıtdığını vurğulayıb.
Lakrua həmçinin Azərbaycan hökumətini məzmunlu dialoq yoluna qayıtmağa çağırıb.
AŞPA insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi əsas gətirərək 2024-cü ilin yanvarında Azərbaycanın nümayəndə heyətinə qarşı sankskiyalar qoyub və hökuməti insan hüquqları öhdəliklərini yerinə yetirməyə çağırıb.
Assambleyanın qərarını qərəzli hesab edən Azərbaycan hökuməti isə Avropa Şurası ilə əməkdaşlığı dayandırıb, sanskiya qərarının lehinə səs verən deputatları qara siyahıya salıb.
“Abzas Media”ya qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Daha sonra, “Azadlıq Radiosu” ilə əməkdaşlıq edən jurnalist Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və Hafiz Babalının hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.
Jurnalistlər həbslərini peşəkar fəaliyyətləri ilə əlaqələndirir, Əliyevlər ailəsi də daxil olmaqla, yüksək vəzifəli şəxslərin korrupiya əməllərini araşdırdıqlarına görə cəzalandırıldıqlarını vurğulayırlar.