Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 qərarını açıqlayıb
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib.
Şikayətlərdən birində hökumət pozuntuları qəbul edib, bu səbəbdən də qərar hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb. Belə ki, “Şirinli və Əmrah Azərbaycana qarşı” işində hər iki iş ərizəçi – Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri göstərilib. Ərizəçilər iddia ediblər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.
Ərizənin komunikasiyası zamanı hökumət, ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş vediyini etiraf edib, buna görə ərizəçilərə təzminat ödəməyə razı olduğunu ifadə edən birtərəfli bəyannamə təqdim edib. Ərizəçilər bəyannamənin şərtləri ilə razılaşmasalar da, AİHM ərizəni bəyannamənin şərtəri əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.
“Aihmaz.org” yazır ki, “Mirzəbəyov və başqları Azərbaycana qarşı” işi ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi. Yerli məhkəmələrin çıxardıları qərarlar icra edilməyib.
Ərizəçilər onlara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş verdiyini iddia ediblər.
Kommunikasiya zamanı tərəflər AİHM-ə dostca anlaşma təqdim etdiyindən, məhkəmə ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.
“Əsgərov Azərbaycana qarşı” işində isə ərizəçi sahibi olduğu ət kəsimi və email müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət edib. Ərizəçi AİHM qarşısında iddia edib ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.
AİHM bu şikayəti əsaslı saymayaraq rədd edib. Məhkəmə həmçinin, hesab edib ki, bu işdə hökumət fərdi şikayət hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib, ərizəçinin nümayəndəsinin ofisində axtarış aparılıb və sənədlər götürülüb.