Avropa şəhərlərində Azərbaycan həbsxanaları
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Berlin, Paris və Bern şəhərlərinin mərkəzində beynəlxalq həmrəylik aksiyası keçirərək Azərbaycanda müstəqil media nümayəndələrinin həbs və saxlanma şəraitinə diqqət çəkib.
Aksiya çərçivəsində istintaq təcridxanasındakı kameraları xatırladan qurğular quraşdırılıb, jurnalistlərin üzləşdiyi şərait vizual şəkildə nümayiş etdirilib.
Nümayiş etdirilən dörd kvadratmetrlik konteynerlər, sınıq çanaqlar, çirk və həşəratlar həbsdə olan 25 jurnalistin hekayələrini simvolizə edib. Ziyarətçilər qurğularda jurnalistlərin sitatlarını və hesabatlarını dinləmək və oxumaq imkanı əldə ediblər.
Təşkilatın bəyanatında bildirilir ki, AbzasMedianın baş redaktoru Sevinc Vaqifqızı artıq 800 gündən çoxdur həbsdə saxlanılır. RSF-in məlumatına görə, o, həbsxana əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb, şəxsi əşyalarından məhrum edilib, kifayət qədər su və qida ilə təmin olunmayıb.
Vaqifqızı 675-ci gündən sonra daha da təcrid edilmək məqsədilə uzaq və əlçatmaz həbsxanaya köçürülüb. Hazırda o və daha 24 müstəqil azərbaycanlı jurnalist tənqidi fəaliyyətlərinə görə həbsdədir.
RSF-in Şərqi Avropa üzrə məsləhətçisi Alena Ştruj bildirib ki, bu aksiyada məqsəd Azərbaycanda mətbuatın sistemli şəkildə sıxışdırılmasını görünən etmək və demokratik hökumətləri Azərbaycan hakimiyyətinə təzyiqləri artırmağa çağırmaqdır.
Təşkilat qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən sonra Azərbaycan Almaniya və Avropa İttifaqı üçün mühüm enerji tərəfdaşına çevrilib. Fosil enerji tədarükünün artırılması planları və siyasi lobbiçilik fonunda tənqidi səslərin sistemli şəkildə təqib olunduğu vurğulanır.
Avropa şəhərlərində Azərbaycan həbsxanaları