Hamam Times Meydan TV-yə istinadən xəbər verir ki, Aprelin 10-da Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan daha biri – Ayxan Fətullazadə ölüb.

2001-ci il təvəllüdlü Ayxan Fətullazadənin günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində vəfat etdiyi bildirilir. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Dünən isə gecə klubunda işləyənlərdən Gülbala Abdullayev vəfat etmişdi. Onun da müalicə aldığı özəl tibb müəssisəsində öldüyü qeyd olunurdu.

Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə klubun işçisi Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Aprelin 6-da isə xəsarət alanlardan daha bir nəfər – Fərqanə Eynullayeva həyatını itirib.

Hadisə ilə əlaqədar Baş Prokurorluq cinayət işi açıb. Aprelin 4-də partlayışa görə 3 nəfər həbs olunub.

“İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. “Eyni zamanda, ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovun vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, o Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”, – prokurorluğun məlumatında qeyd olunub.

Mənbə: Meydan TV

Leave A Reply