Beynəlxalq təşkilatlardan İlham Əliyevə çağırış

Scholars at Risk, SAIH və Amnesty International birlikdə Çexiyanın Karlov Universitetinin doktorantı, tədqiqatçı Bəhruz Səmədovla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Təşkilatlar bildirir ki, Bəhruz Səmədovun səhhəti ciddi təhlükə altındadır. Onun ağır saxlanma şəraiti, psixoloji təzyiqlər və qeyri-insani rəftar nəticəsində iki dəfə intihara cəhd etdiyi vurğulanır.

Məlumata görə, Səmədov əvvəlcə təkadamlıq kameraya salınıb, indi isə işgəncə və qəddar rəftarla tanınan Umbaku həbsxanasının xüsusi rejimli bölməsinə köçürülməsi planlaşdırılır. Bu həbsxana onun yeganə qohumu olan nənəsindən 100 km uzaqda yerləşir.

Təşkilatlar xəbərdarlıq edir ki, bu addımlar Səmədovun psixi vəziyyətini daha da ağırlaşdıra və həyatını risk altına sala bilər.

Məktubda qeyd olunur ki, elmi fəaliyyətə görə həbs və təqiblər akademik azadlığa və ifadə azadlığına ciddi təhdiddir və Azərbaycan-Ermənistan sülh prosesi fonunda bu cür hökm ziddiyyətli mesaj verir.

Beynəlxalq təşkilatlar Prezidentdən Bəhruz Səmədovun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir.

Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi üzrə araşdırmaları və tənqidi yazıları ilə tanınır. O, 21 avqust 2024-cü ildə saxlanılıb, 23 iyunda 15 il həbs cəzasına məhkum edilib. Səmədov dövlətə xəyanət ittihamını qəbul etmir.

Beynəlxalq təşkilatlardan İlham Əliyevə çağırış

Leave A Reply