ABŞ Prezidenti Donald Tramp dünən – sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.

 

Foto: google.az

 

“Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi”, – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.

Bazar günü başlamış əməliyyatlarda azı 16 hərbçi və dinc sakinin həlak olduğu xəbər verilir.

***

ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb

Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı münaqişə bölgəsində – Təmas Xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlardan narahatdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bildirib ki, bu əməliyyatlar nəticəsində dinc sakinlər də daxil əhəmiyyətli sayda itkilər baş verib.

Dövlət Departamentinin sözçüsü həlak olanların ailələrinə başsağlığı verib.

Bu da xəbər verilir ki, dövlət katibinin müavini Stepehen Biegun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnasakayana zəng edərək tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və eskalasiyanın bundan sonra da artmaması məqsədilə mövcud kommunikasiya xətlərindən istifadəyə çağırıb”.

ABŞ dövlət katibinin müavini habelə tərəfləri davakar ritorikadan çəkinməyə çağırıb:

“Biz tərəfləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləyərək mümkün qədər tez əsaslı danışıqlara qayıtmağa çağırırıq. ATƏT-in Minks qrupunun üzvü kimi ABŞ tərəflərə sülhə və münaqişənin dayanıqlı çözümünə nail olunmasına dəstək verməyə sadiq qalır”.
Həmsədrlər atəşkəsə çağırırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya Federasiyasından İqor Popov, Fransadan Stephane Visconti və amerikalı Andrew Schofer Azərbaycan və Ermənistan arasıda Təmas Xətti boyunca baş verən toqquşmalarla bağlı bəyanat verib:

“Həmsədrlər Dağlıq Qarabağ münaqişə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlardan narahatdırlar. Biz gücdən istifadə olunmasını və mülkilər də daxil mənasız insan itkilərindən təəsüf bildiririk. Həmsədrlər tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin çözülməsi üçün danışıqların bərpasına çağrırılar”.

Həmsədrlər tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.

Həmsədrlər bildirirlər ki, münaqişənin danışıqlar vasitəsilə əldə olunacaq sülhdən başqa alternativi yoxdur.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Leave A Reply