Musiqi arxivi
Devid Bouinin 1978-ci ildə Londondakı “Earl’s Court” konsertlərində lentə alınan və təxminən 50 ildir üzə çıxmayan kadrları 2027-ci ildə böyük arenalarda təqdim olunacaq.
The Guardian xəbər verir ki, rejissor Brett Morgen bu çəkilişləri 2017-ci ildə Boui haqqında “Moonage Daydream” sənədli filmi üzərində işləyərkən sənətçinin arxivində aşkar edib. Üzərində “Stage” yazılmış 35 millimetrlik lent qutularında musiqiçinin əvvəllər yayımlanmamış konsert çıxışları qorunub saxlanılıb.
Konsertləri 1978-ci ildə rejissor Devid Hemminqs lentə alıb. Həmin vaxt “Low” və “Heroes” albomlarının təbliği üçün “Isolar II” turnesində olan Boui bu materialı qastrollar əvəzinə kinoteatrlarda göstərməyi planlaşdırırdı. Lakin sənətçi sonradan montajdan narazı qalıb, “Lodger” albomunu hazırlamağa başlayıb, İsveçrəyə köçüb və layihə arxivdə qalıb. Morgen bildirir ki, Boui o zaman sürətlə yeni layihələrə keçdiyi üçün keçmişə qayıtmaq istəmirdi.
Musiqiçi 2016-cı ildə vəfat etməzdən əvvəl bu kadrları buraxmaq təklifini irəli sürmüşdü. Morgen və komandası filmi 2027-ci il üçün hazırlamağa 10 ilə yaxın vaxt sərf ediblər. Rejissorun sözlərinə görə, kadrların rəng korreksiyasına 1000 saatdan çox vaxt sərf olunub.
Kadrlar yaxşı qorunub saxlanılıb və səs yazılarını Bouinin prodüseri Toni Viskonti qeydə alıb. Morgen qeyd edib ki, Hemminqsin çəkdiyi kənar detalları, o cümlədən gənc oğlanın Bouini canlandırdığı səhnələri filmə daxil etməyib və diqqəti yalnız musiqiçinin səhnə çıxışına yönəldib.
The Guardian bildirir ki, filmdə hər iki gecənin mahnıları birləşdirilib. Proqram “Warszawa” mahnısı ilə başlayıb, ardınca “Station to Station” və 1 iyul konsertində ilk dəfə canlı ifa edilən “Sound and Vision” treki təqdim olunub.
Layihə kinoteatrlarda deyil, birbaşa arenalarda nümayiş etdiriləcək. Morgen bildirir ki, bu, sadə film deyil, çoxsaylı ekranlar, xüsusi işıqlandırma və 7.1 həcmli səs formatından ibarət yeni nümayişdir: “Çıxış 1978-ci ilə aiddir, lakin təqdimat 2027-ci ilindir”.


