Dünya hərbi xərcləri

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun – SİPRİ-nin yayımladığı yeni hesabata əsasən, 2025-ci ildə dünya hərbi xərcləri 2,887 trilyon dollara çataraq rekord səviyyədə artıb və bu, ardıcıl 11-ci illik artımdır.

Hərbi xərclər real ifadədə 2,9 faiz artıb, lakin son on il ərzində (2016-2025) qlobal artım 41 faiz təşkil edib.

2024-cü ildə qeydə alınan 9,7 faizlik artımla müqayisədə 2025-ci ilin göstəricisi xeyli aşağıdır və bu yavaşlama əsasən ABŞ xərclərinin azalması ilə bağlıdır.

ABŞ olmadan dünya hərbi xərclərinin artımı 9,2 faiz olub.

ABŞ, Çin və Rusiya 1,48 trilyon dollarla qlobal hərbi xərclərin 51 faizini əhatə edirlər:
  • ABŞ: 954 milyard dollar – 7,5 faiz azalma. Əsas səbəb 2025-ci il ərzində Ukraynaya yeni hərbi yardım paketinin təsdiqlənməməsi olub.
  • Çin: 336 milyard dollar – 7,4 faiz artım, son on ildə ən böyük illik artım.
  • Rusiya: 190 milyard dollar – 5,9 faiz artım, ÜDM-nin 7,5 faizinə bərabər.

SİPRİ-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının direktoru Nan Tian bildirib ki, ABŞ-nin xərclərinin azalması qısamüddətli olacaq. 

Belə ki, Konqres 2026-cı il üçün 1 trilyon dollardan çox vəsait təsdiqləyib və 2027-ci ildə bu rəqəm 1,5 trilyona qədər yüksələ bilər.

Qlobal artımın əsas mənbəyi Avropa olub – regionun hərbi xərcləri 14 faiz artaraq 864 milyard dollara çatıb. 

Mərkəzi və Qərbi Avropada Soyuq müharibənin sonundan bəri ən sürətli illik artım qeydə alınıb.

29 Avropa NATO üzvü ümumilikdə 559 milyard dollar xərcləyib, onlardan 22-si ÜDM-nin ən az 2 faizini hərbi sahəyə yönəldib.

Almaniya 24 faiz artımla 114 milyard dollarlıq xərcə nail olaraq qrupun lideri olub və 1990-cı ildən bəri ilk dəfə 2 faiz həddini aşıb (2,3 faiz). 

İspaniya isə xərclərini 50 faiz artıraraq 40,2 milyard dollara çatdırıb və 1994-cü ildən bəri ilk dəfə 2 faiz astanasını keçib.

Digər böyük artımlar isə belədir:

  • Belçika – 59%,
  • Norveç – 49%,
  • Danimarka – 46%,
  • Polşa – 23%,
  • Kanada – 23%.

Dünya hərbi xərcləri

Leave A Reply