Əli Zeynal və Ruslan İzzətli
Əli Kərimlidən sonra Əli Zeynal və Ruslan İzzətli də su ilə sınağa çəkilir.
Bu barədə Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı məlumat yayıb:
“Umbaku Pentensiar Kompleksində ciddi su problemi yaşanır. 40 dərəcə istidə içməli su tapılmır. Ruslan İzzətli dəfələrlə bu problemin həllini tələb etsə də, məhəl qoyulmayıb. Sanki Quantanamo həbsxanasıdır. İndicə Əli Zeynalla danışdım. Ruslanın buna etiraz etdiyi üçün c’rim’ kamerasına salındığını, özünün də indi aparılacağını bildirdi”.
Günel Manaflı problemin həll edilməsini tələb edərək, Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və Ombudsmana müraciət edib:
“Niyə bu istidə məhbuslar susuz qalmalıdır?! Müəssisə rəhbərliyinin belə işə getmədiyi, cəhənnəmi xatırladan qurumda niyə su tapılmır?! Niyə bu məsələ həllini tapmır?! Niyə siyasi məhbuslarla bu cür davranış sərgilənir?”
Qeyd edək ki, “Toplum TV işi” üzrə həbs edilən şəxslərə 27 iyulda hökm oxunub. Hökmə əsasən, Ruslan İzzətli 15 il, Əli Zeynal 14 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar bu ittihamları rədd edir və siyasi sifarişlə həbs edildiklərinin bildirirlər.