Yerixonda köçkün hücumu
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, israilli köçkünlər işğal olunmuş İordan çayının qərb sahilində, Yerixon şəhərinin kənarındakı Duyuk ət-Tahta məhəlləsində 72 yaşlı Fadda Məhəmməd Feydatı güllələyib öldürüb. Fələstinin rəsmi “WAFA” agentliyinin yazdığına görə, noyabrın 17-də səhər başlayan hücumda daha 10 nəfər yaralanıb.
“Reuters”ə danışan şahidlərin sözlərinə görə, bir qrup köçkün Feydatın evinin qarşısında atəş açmağa başlayıb, sakinlər özlərini müdafiə etmək üçün daş atıb, sonra gələn daha çox köçkün fələstinlilərin evlərinə atəş açıb. Qadının qaynı Əhməd Arif deyib ki, güllə evinin qarşısında dayanan Feydatın başına dəyib.
Feydatın oğlu Ərafat hadisə yerinə gələrkən həyətdə dayanmış köçkün avtomobilinə toxunub. Şahidlərə görə, maşında heç kim olmayıb, köçkünlər isə bundan sonra təsadüfi atəş açaraq bir neçə nəfəri, o cümlədən Ərafatı yaralayıb. Ərafat Feydat deyir ki, İsrail ordusu onu Ramallahdakı xəstəxanaya aparan təcili yardım maşınını saxlayıb və onu həbs edib. İsrail ordusu isə qadının ölümünü şərh etməyib, “Reuters”ə bir qrup fələstinlinin maşınla israilli avtomobilinin üzərinə sürərək onu vurduğunu, hər iki tərəfdən yaralananlar olduğunu bildirib.
Hücum köçkünlərin iki həftə əvvəl Duyuk ət-Tahtada fələstinlilərin səkkiz evini ələ keçirməsindən sonra baş verib. Köçkünləri təmsil edən Binyamin Regional Şurası evlərin fələstinlilərdən satın alındığını deyir. Yerixonun Fələstin qubernatoru Hüseyn Həmayel isə torpağın dövlətə məxsus olduğunu və köçkünlərin onu qanuni yolla ala bilməyəcəyini bildirib. BMT 2023-cü il oktyabrın 7-dən sonra İordan çayının qərb sahilində köçkün hücumlarının “misli görünməmiş səviyyəyə” çatdığını bildirir. Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazidəki qəsəbələr qanunsuz sayılır.


