Fransanın yeni hökumətinin ömrü cəmi 13 saat çəkib. Oktyabrın 5-də nazirlər kabinetinin tərkibini elan edən baş nazir Sebastyan Lökornü bu gün səhər istefa verib.
Bazar axşamı elan edilən kabinetin əksər nazirləri istefaya gedən əvvəlki hökumətin üzvləri olub. Bu isə müxalif partiyaların sərt tənqidinə səbəb olmaqla yanaşı, koalisiya hökumətinin daxilində də narazılıqlar yaradıb.
“Baş nazir kimi vəzifəmi yerinə yetirməyim üçün şərtlər yerinə yetirilmədi”, – Lökornü deyib və siyasi partiyaları güzəştə getməməkdə günahlandırıb.
Hökumətin istefası Fransada bir ildən artıqdır davam edən siyasi böhranı daha dərinləşdirir. Prezident Makronun yaxın tərəfdaşı olan və cəmi 27 gün vəzifədə qalan Lökornü müasir Fransa tarixinin ən qısaömürlü baş naziri kimi tarixə keçib.
Müxalif partiyalar Makronun istefasına çağırırlar
Lökornünün istefasından sonra “Üsyankar Fransa” (La France insoumise, LFI) partiyası Emmanuel Makronun istefasını tələb edib. Onların fikrincə, nə yeni hökumət, nə də növbədənkənar seçkilər ölkəni girdiyi dalandan çıxarmayacaq.
Digər sol və sol-mərkəzçi partiyalar, o cümlədən sosialistlər və ekoloqlar Makronu sol hökumətin qurulmasına çağırıblar.
İfrat sağçı “Milli Birlik” (Rassemblement national, RN) partiyası isə Emmanuel Makronu Milli Assambleyanı buraxmağa və növbədənkənar seçkilərə getməyə çağırıb.
Son 1 ildə üç hökumət istefaya göndərilib
Lökornünün sələfləri Fransua Bayru və Mişel Barnye hökumətin büdcə layihələrini parlamentdən keçirə bilmədikdən sonra istefaya getmişdi. Bayru 9 ay, Barnye isə cəmi 3 ay hakimiyyətdə qalmışdı.
Fransa ötən il keçirilən növbədənkənar parlament seçkiləri Makron tərəfdarı olan koalisiyanın azlıqda qalması ilə nəticələnib. Bu isə koalisiya hökuməti təcrübəsi olamayan Fransanı görünməmiş siyasi böhrana sürükləyib.
Sentyabrın 9-da baş nazir təyin edilən Lökornü hökumət formalaşdırmaq üçün bir aya yaxındır danışıqlar aparırdı. O, ölkənin qütbləşmiş, gərgin siyasi mühitində hökumət qurmalı və üç yerə parçalanmış parlamentdə dəstək tapmalı idi.