Bir neçə gün öncə İcbari Sığorta Bürosunun internet resurslarına kiber hücum edilərək bir sıra nazirliklər və rəsmi şəxslər barədə şəxsi məlumatlar yayılıb. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz İcbari Sığorta Bürosunun resurslarına edilən hücumdan yazaraq bildirib ki, təkcə İcbari Sığorta Bürosunun (İSB) bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur:
Belə görünür ki, əvvəllər sığorta şirkətləri bizim telefonlarımızı qanunsuz olaraq bir-birilərinə satırdılar, indi isə dövlət və özəl sektora, vətəndaşlara aid bütün bu məlumatlar toplam olaraq onlardan oğurlanaraq açıqlanıb. Hakerlərin açıqladığı məlumatlardan, xüsusilə də tanınmışların adlarının açıqlamasından belə qənaətə gəlmək olar ki, hücum məqsədyönlü olaraq həyata keçirilib.
deyə qeyd edib
Forum rəhbəri vurğulayıb ki, bu, İSB-yə olan ilk hücum deyil və illər əvvəl də bənzər hal yaşanıb.
İcbari Sığorta Bürosunun saytına hücum həyata keçirən hakerlər məlumatları “Leak Forums” adlı saytda yayımlayıblar.
Dərc edilən sənədlərdə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi Pentensiar Xidmət, Naxçıvan MR Ədliyyə Nazirliyi və “Azal”a məxsus avtomobillərin məlumatları, həmçinin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, keçmiş təhlükəsizlik naziri Eldar Mahmudov, parlamentin sabiq spikeri Oktay Əsədov kimi rəsmilərin ev ünvanı, mobil nömrəsi və s. şəxsi bilgiləri yer alıb. Hakerlər vurğulayıblar ki, Azərbaycanın mühüm internet sistemlərinə hücumları davam etdirəcəklər.
Mənbə: Mikroskop Media