İran

ABŞ-də yerləşən hüquq müdafiə qrupu HRANA bildirir ki, Məşhəd İnqilab Məhkəməsi yanvar etirazları ilə bağlı saxlanılan üç nəfəri “Allaha qarşı düşmənçilik” (məharibə) ittihamı ilə edama məhkum edib.

Qrupun məlumatına görə, onlardan biri Məşhəd sakini 23 yaşlı Mətin Fərniandır, digər ikisinin kimliyi hələ dəqiqləşdirilir. HRANA deyir ki, hökmü məhkəmənin 5-ci şöbəsində hakim Hüseyn Yəzdanxah çıxarıb, üç nəfər yanvarın 19-20-də saxlanılıb və hazırda Vəkilabad həbsxanasındadır.

Bu yazı hazırlanarkən İran məhkəmə sisteminin hökmü təsdiqləyən açıqlamasına rast gəlinməyib. Hökmün yekun olub-olmaması, Ali Məhkəməyə şikayət verilib-verilmədiyi də bilinmir, HRANA işin təfərrüatlarını araşdırdığını deyir.

“Iran International” bir gün əvvəl Tehran İnqilab Məhkəməsinin eyni ittihamla 21 yaşlı Omran Amanini də edama məhkum etdiyini yazıb. Məhkəmə sisteminin Mizan agentliyi isə sentyabrın 30-da yanvar hadisələri ilə bağlı Məşhəddə saxlanılan Əli Həmməti və Məcid Nikəndişin edam olunduğunu açıqlamışdı.

BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ötən həftə Baş Assambleyada deyib ki, etirazlarla bağlı azı 34 nəfər edam edilib, onlardan azı beşi açıq şəkildə. Sato ədalətli məhkəmə təminatlarının pisləşdiyini bildirib və 34 müttəhimin beş gündə mühakimə olunduğu işi nümunə göstərib.

Leave A Reply