Rusiya-Ukrayna müharibəsi
Bazar axşamı Ukraynanın “Hava həyəcanı”, gecə isə Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi sındırılıb. Hər iki ölkədə istifadəçilərə saxta bildirişlər gedib.
Ukraynada bildirişlər Kiyev vaxtı ilə 22:47-də başlayıb: radiasiya və kimyəvi hücum təhlükəsi, küçə döyüşləri barədə mesajlar gəlib. Rus dilində göndərilən birində deyilirdi: “Salam! Bütün Ukraynada indi nüvə həyəcanı olacaq. Narahat olmayın, “Oreşnik” uçur!”. Lvov vilayətində səsgücləndiricilərdən də radiasiya siqnalı verilib, yerli hakimiyyət təhlükə olmadığını bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri tətbiqin “düşmən təsirinə” məruz qaldığını və radiasiya təhlükəsi olmadığını açıqlayıb. Ukraynanın Strateji Kommunikasiya Mərkəzi hücumda Rusiyanı günahlandırıb. Tətbiqin yaradıcıları kənar şəxslərin müdaxilə etdiyini, tətbiqdə şəxsi məlumat saxlanmadığını deyir.
Rusiya Fövqəladə Hallar Nazirliyi isə tətbiqinin “kütləvi kiberhücuma” məruz qaldığını və “saxta məlumat” yayıldığını təsdiqləyib. Mediada yazılır ki, istifadəçilərə ölkənin bütün bölgələrinə “nüvə başlıqları” buraxıldığı barədə bildiriş gəlib. Nazirlik deyir ki, sirenlər və SMS üzərindən işləyən əsas xəbərdarlıq sistemi zərər görməyib.
Ukraynanın UNN nəşri Rusiya tətbiqinə hücumu ukraynalı “Ateş” partizan hərəkatının üzərinə götürdüyünü yazır. BBC bu qrupun yaydığı ekran görüntüsünün həqiqiliyini təsdiqləyə bilmədiyini bildirir.
Kiberhücumlar Xerson vilayətinin Rusiyanın işğal etdiyi Aleşki şəhərində altı gün davam edən yerli atəşkəsin bitməsi ilə eyni vaxta düşüb.


