“Məclis.info”nun rəhbəri İmran Əliyevin ailəsinə qarşı təzyiq edilir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib:

“İmran Əliyev saxlanıldıqdan sonra qaramaskalı əməliyyatçılar onun yaşadığı mənzilin qapısını döyüblər”.

Evdə olan ana və ata qapının gözlüyündən baxıb, vahiməyə düşüblər, elə biliblər ki, oğrulardır.

Qapını açmayıblar.

Bir neçə dəqiqədən sonra qaramaskalılar laqonda ilə seyf qapını kəsib, evə daxil olublar.

Dəhşətli durumda öz üzərində nəzarəti itirən ana “Öldürməyin məni, nə olar, öldürməyin məni”, deyə imdad diləyib.

Qaramaskalılardan biri “qorxma, öldürməyəcəyik sizi, evdə axtarış aparıb gedəcəyik” deyib.

İmran Əliyevin xəstə atası isə saxlanılıb. O, bir müddət sonra sərbəst buraxılıb.

Qaramaskalılar bütün bu prosesi videokamera ilə qeydə alıblar, evdə nə qədər kağız-kuğuz varsa, götürüblər.

Bundan başqa, siyasi məhbusun anasını polis bölməsinə çağırıb, psixoloji təzyiq ediblər.

Belə ki, İlham Əliyev Almaniyada səfərdə olarkən ona toka verilmiş İmran Əliyevin işi ilə bağlı sual verilib.

Bundan sonra İmranın anası polis bölməsinə çağrılıb. Bölmə rəisi onu qorxudaraq, “Oğlunun əməllərindən xəbərin var? Sənin oğlun narkomandır! Yararsız birisidir! Yaxşısı budur ki, ana kimi oğlunun cinayət əməllərini təsdiqlə və ölkə rəhbərliyinə müraciət elə, əfv istə” deyib.

Biçarə ana isə “Axı mən bilmirəm oğlumu niyə tutublar, nə istəyirlər? Mən onun cinayət törətdiyinə inanmıram. Oğlum narkoman deyil”, deyə bildirib”.

Leave A Reply