İlham Rəhimovun şirkətləri 39 tender qazanıb
Azərbaycanlı iş adamı, Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimovla əlaqələndirilən dörd şirkət Moskva məktəblərinin qidalanması üzrə 2026–2028-ci illəri əhatə edən 39 tenderin hamısını qazanıb. Müqavilələrin ümumi dəyəri 126,7 milyard rubl təşkil edir.
Bu barədə Rusiyanın müstəqil “Vyorstka” nəşrinin sentyabrın 23-də yayımladığı araşdırmada bildirilir.
Nəşrin məlumatına görə, tenderləri qazanan “Verona kapital”, “KDP”, “RSK” və “ŞYuZ” əvvəllər “Vaqner” silahlı qruplaşmasının qurucusu Yevgeni Priqojinin Moskva məktəblərinə yemək verən şirkətlərinin davamçılarıdır.
Rəhimovla əlaqə necə müəyyənləşdirilib?
Araşdırmaya əsasən, dörd şirkətin adına rəsmiləşdirildiyi şəxslər əvvəllər “Qrandtitul” şirkətində çalışıblar. İlham Rəhimov bu şirkətin 15 faiz payla ən böyük səhmdarıdır. Digər paylar iş adamları Qod Nisanov və Zarah İliyevin yaxın çevrəsi və qohumları arasında bölünüb.
“Vyorstka” həmin şəxsləri nominal sahiblər kimi təqdim edir və şirkətləri Rəhimovla onun biznes tərəfdaşlarına bağlayır.
İlham Rəhimov Vladimir Putinlə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində birgə təhsil alıb.
İlham Rəhimovun şirkətləri 39 tender qazanıb