Ötən həftə İranda həbs edilən məşhur Cənubi Azərbaycanlı rejissor Cəfər Pənahi 2010-cu ildə çıxarılan məhkəmə hökmünə görə 6 il həbs cəzası çəkəcək. 2010-cu ildə hökumət əleyhinə nümayişlərdə iştirak etdikdən sonra Pənahi 6 illik həbs cəzası almış, bunun iki ayını çəkdikdən sonra şərti azadlığa buraxılmışdı.
Cəfər Pənahi 2010-cu ildə “sistem əleyhinə təbliğat apardığı” iddiasıyla 6 il müddətinə azadlıqdan məhrum edilmiş, filmlərə rejissorluq etməsi və ssenari yazması qadağan edilmişdi. 2010-cu ildə məhkəmə qərarı ilə Pənahiyə səyahət qadağası da qoyulmuşdu. Bununla belə, məşhur rejissor xaricdə böyük təsir bağışlayan və bir çox beynəlxalq mükafatlara layiq görülən filmləri gizli şəkildə istehsal etməyə davam etmişdi.
Pənahi 2015-ci ildə “Taksi Tehran” filmi ilə Berlin Film Festivalının əsas mükafatı olan “Qızıl Ayı” mükafatını qazanıb. Onun 2018-ci ildə çəkdiyi “Üç Sifət” filmi Kann festivalında ən yaxşı ssenari mükafatına layiq görülüb.

Leave A Reply