Kimyəvi silah iddiası rədd edilib
İran XİN-in sözçüsü İsmayıl Bəqai noyabrın 9-da ölkənin kimyəvi silah işlətməyi araşdırdığı barədə xəbərləri “gülünc yalan” adlandırıb. “The New York Times” qəzeti noyabrın əvvəlində İsrailin ABŞ və Körfəz ölkələrinin rəsmilərinə Tehranın kimyəvi silah tətbiq etməyi nəzərdən keçirdiyi barədə kəşfiyyat məlumatı verdiyini yazmışdı.
Qəzetin yazdığına görə, bu iddia ABŞ rəsmilərini ikiyə bölüb: bəziləri məlumatın etibarlılığını şübhə altına alır, bəziləri isə Vaşinqtonu ciddi yanaşmağa çağırır. “The New York Times”a danışan bəzi amerikalı rəsmilər bunu Baş nazir Benyamin Netanyahu hökumətinin ABŞ-ni İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa etməyə inandırmaq kampaniyasının hissəsi hesab edir. Körfəz ölkələrinin bir neçə rəsmisi də İranın belə plan qurduğuna şübhə edib, regiondakı rəsmilərdən biri İsrailin brifinqlərində sübut göstərilmədiyini deyib.
Bəqai eyni çıxışında Tehranın iki günə Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi nəzərdə tutan planının “ən məntiqli və sürətli proqram” olaraq qüvvədə qaldığını bildirib. Onun sözlərinə görə, planın icrası ABŞ-nin iradəsindən asılıdır. O, Tehran üçün Amerika partiyaları arasında fərq olmadığını da deyib.
Sözçü İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə və zəmanətlər sazişinə sadiq qaldığını, amma ABŞ və İsrailin hücumlarına görə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın əvvəlki kimi davam edə bilməyəcəyini vurğulayıb.


