İsraildə edam hökmü
İsrail parlamenti fələstinlilər üçün edam cəzasını nəzərdə tutan qanun qəbul edib.
“Human Rights Watch” təşkilatının məlumatına görə, qanun layihəsinin mətni aydın şəkildə göstərir ki, edam cəzası eksklüziv şəkildə olmasa da, əsasən, fələstinlilərə qarşı tətbiq olunacaq.
Məlumata görə, edam cəzası “terror aktı” kimi qiymətləndirilən ölümcül hücumlarda təqsirli bilinənlər üçün əsas cəza kimi müəyyənləşdirib.
Yeni qanun əsasən İşğal edilmiş Fələstin Ərazisində yerləşən İsrail hərbi məhkəmələrində tətbiq ediləcək. Bu məhkəmələrdə isə yalnız fələstinlilər mühakimə olunduqları üçün burada verilən edam hökmü də bircə onlara şamil ediləcək.
İsrail vətəndaşları isə eyni cinayətləri törətdikləri hallarda belə hərbi yox, mülki məhkəmələrdə mühakimə olunurlar. Məlumata görə, edam cəzası İsraildəki mülki məhkəmə sistemində də istifadə olunacaq, lakin sadəcə “İsrail Dövlətinin mövcudluğunu inkar etmək” niyyəti ilə bir şəxsin qəsdən öldürülməsinə görə tətbiq edilə bilər.
Texniki olaraq, yeni qanun İsrailli yəhudiləri də əhatə edir, lakin beynəlxalq hüquq müdafiə təşkilatları bildirir ki, qanun layihəsinin hüquqi çərçivəsi dar və spesifikdir və diskriminativ şəkildə, əsasən, fələstinliləri əhatə edir.
Baş nazir Benjamin Netanyahu da edam cəzası qanununun səsverməsində iştirak edərək, lehinə səs verib.
Edam cəzası asılma yolu ilə, hökm çıxarıldıqdan sonra 90 gün ərzində icra olunacaq. Qərar ən çox 180 günədək təxirə salına bilər.
Qanun layihəsi ultra-sağçı təhlükəsizlik naziri İtamar Ben Qvir tərəfindən təklif edilib. Səsvermədən sonra o, qərarı şampanla qeyd edib.
Ben Qvir bunu “tarixi qərar” adlandırıb.