İsmayıllının İvanovka kəndidəki Nikitin adına kolxozun bircə adı qalıb. Burda nə əkin var, nə də mal-qara. İvanovkalılar kolxozdan gəlir əldə edə bilmir. Kolxoz torpaqlarının da Vidadi Əliyev adlı şəxsə icarəyə verildiyini deyirlər. Sentyabrın 5-də kolxozun sədri Vasiliy Navaselçev vəzifəsindən azad edilib. Sakinlər iddia edir ki, yeni sədri də müşahidə şurasının əli ilə İsmayıllı icra hakimiyyəti təyin edib. Sakinlərin sözünə görə, şuranın səlahiyyətləri bu il bitib. Sakinlərin birgə iştirakı ilə yeni şura seçkiləri isə keçirilməyib. “Torpaq islahatı haqqında” qanuna əsasən, 1996-cı ildən etibarən kolxoz və sovxozların torpaqları pay torpağı olaraq sakinlərin istifadəsinə verilib.Amma İvanovka sakinlərin xahişindən sonra Heydər Əliyev kolxozu qoruyaraq kəndlilərin istifadəsinə verib. İvanovka sakinlər bir neçə dəfə İsmayıllı icra başçısının qəbulunda olublar. Hər dəfə onlara vədlər verilsə də, vəziyyət dəyişməyib. Sentyabrın 8-də İvanovka məktəbində Bakıdan gələn nümayəndələrlə keçirilən iclasda da narazıların sözü dinlənilməyib. Onları iclasdan kənarlaşdırıblar. Hazırda İvanovka sakinlərinin tək istəyi, sədr və şura vəzifələrinə ədalətli seçki keçirilməsi və kolxozun kəndlilərin ümumi istifadəsinə verilməsidir.

Leave A Reply