Öz hotelini qarət edən icarədar

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Göyşaban kəndində, Ələt-Astara yolunun kənarındakı “Mandarin” hotelinin icarədarı Xalıq Cahangirovu öz işlətdiyi hoteldə iki qadın işçini qarət etməkdə təqsirli bilib və ona 8 il həbs cəzası verib. Bu barədə “Xitab24.az” saytı yazır.

Saytın yazdığına görə, Cahangirov maska taxıb, bıçaqla silahlanaraq hotelə basqın edib, hotelin xadiməsindən və onun qızı olan qeydiyyatçıdan üzərlərindəki qızılları tələb edib. O, ümumilikdə 5 100 manat dəyərində qızıl əşyaları götürərək hadisə yerindən uzaqlaşıb. Basqında istifadə olunan maska, əlcək və digər əşyalar sonradan yaxınlıqdakı tikilinin ərazisində tapılıb.

Daxili İşlər Nazirliyi hadisə barədə ilk dəfə may ayında məlumat vermişdi. Nazirliyin o vaxtkı açıqlamasına görə, 49 yaşlı Cahangirov üzünün tanınmaması üçün maskanı və paltarı əvvəlcədən iş yerində gizlədibmiş, onun barəsində cinayət işi açılıb və həbs qərarı seçilib. “Xitab24.az” isə yazır ki, Cahangirov Heydər Əliyev Beynəlxalq Hava Limanında Gürcüstana getmək istəyərkən saxlanılıb.

O, Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə (181.2.4 və 181.2.5) ittiham olunub. Saytın yazdığına görə, Cahangirov məhkəmədə cinayəti çoxlu borcu olduğuna görə törətdiyini deyib, ailəsi isə zərərçəkənlərə dəyən ziyanı ödəyib.

Leave A Reply