Mehdiyev ailəsinin vəkili həbsdə
“Qafqazinfo” saytı yazır ki, keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili Raman Abışov həbs edilib. Saytın əldə etdiyi məlumata görə, vəkili Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
“Qafqazinfo”ya görə, Abışov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur. O, noyabrın 14-də məhkəməyə çıxarılıb və hakimin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sayt ittihamın təfərrüatlarını, vəkilin kimdən nə tələb etdiyinin iddia olunduğunu yazmayıb.
Sayt yazır ki, Abışov Kamilə Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi. Xəbəri “Qafqazinfo”ya istinadən “Minval” da yayıb.
1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunub. Azadlıq Radiosunun yazdığına görə, məhkəmə ona yaşı və səhhəti nəzərə alınaraq 14 il şərti cəza verib.


