“Meydan TV işi” məhkəməsi
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə üçüncü məhkəmə prosesi keçirilib.
Proses hakim Aytən Əliyevanın sədrliyi ilə gərgin başlayıb və gün ərzində çoxsaylı etirazlar, qarşılıqlı mübahisələr və təqsirləndirilən jurnalistlərdən birinin aclıq aksiyası elan etməsi ilə davam edib.

Prosesin başlanğıcı
Məhkəmə təqsirləndirilən şəxslərə ilkin çıxış imkanı verilmədən başlayıb.
Konvoy əməkdaşlarının təqsirləndirilənlərin saxlandığı şüşə qəfəsin önündə dayanaraq onların vəkillər və zaldakı şəxslər tərəfindən görünməsini əngəlləməsi isə narazılıq doğurub.
Etirazlardan sonra konvoy əməkdaşlarının böyük hissəsi qəfəsin önündən çəkilib.
İşin xronologiyası
2024-cü il dekabrın 6-da “Meydan TV” əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıb. Onlara qarşı CM-nin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrup tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
Sonradan bu iş üzrə Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
2025-ci ilin avqustunda ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib. “Meydan TV” həbslərin jurnalistlərin tənqidi fəaliyyətinə görə olduğunu bildirir.
- Saxarov mükafatı həbsdəki jurnalistlərə verilib
- Tanınmış iqtisadçı İlham Əliyevə: “Jurnalistləri həbs edən bütün avtoritar rejimlər eyni şeyi deyir”
- Həbsdəki jurnalistin anası: “İllərlə çəkdiyim əziyyətin adı Fatimə Mövlamlıdır”
İttiham aktı və məhkəmənin gedişi
Ötən prosesdə məhkəmə istintaqının başladığı elan edilib və dövlət ittihamçısı 600 səhifəlik yekun ittiham aktını səsləndirməyə başlayıb. İttiham aktının oxunuşu bir saatdan çox çəkib və yalnız bir hissəsi səsləndirilib.
Vəkillərin etirazından sonra proses təxirə salınmışdı.
Bu dəfə məhkəmə yenidən dövlət ittihamçısının ittiham aktını oxuması ilə başlayıb.
Jurnalistlərin etirazları
Nurlan Libre dövlət ittihamçısının çıxışı ilə başlanılmasına etiraz edərək söz istədiyini bildirib. Hakim Aytən Əliyevanın jurnalistə sərt tonda “Otur aşağı!” deməsi təqsirləndirilən şəxslərin narazılığına səbəb olub.
Fatimə Mövlamlı hakimin davranışına etiraz edib, yan hakimin ona “Ay uşaq!” deməsi isə gərginliyi daha da artırıb. Mövlamlının hakimlərə ünvanladığı tənqidi çıxışdan sonra zalda əyləşənlər onu alqışlayıblar.
Aclıq aksiyası elan edilməsi
Nurlan Libre məhkəmə zalında müddətsiz aclıq aksiyasına başladığını açıqlayıb. O, əvvəlki prosesdən sonra kobud rəftar, karsda saxlanılma, gigiyenik şəraitin olmaması və tibbi yardıma çıxışın məhdudlaşdırılması ilə üzləşdiyini deyib.
Jurnalist bildirib ki, məhkəməyə gətirilərkən çılpaq axtarışdan keçirilib, qeydləri əlindən alınıb, vəkili ilə konfidensial görüş hüququ pozulub.
O, Avropa Parlamentinin jurnalistlərin azad olunması ilə bağlı qətnaməsinin icrasını tələb edib.
Zaldakı məhdudiyyətlər və yeni etirazlar
Hakim zalda əyləşənlərin çıxıb geri qayıtmasını qadağan edib. Vəkillər bu qadağanın uzun proses fonunda hüquqsuz olduğunu bildirərək vəsatət qaldırıblar.
Hakim vəsatəti təmin etməyib.
Şəmşad Ağa və digər təqsirləndirilən şəxslər bu qərara etiraz ediblər, zalda səs-küy yaranıb.
Prosesin sonu
Gərginlik və etirazlardan sonra hakim prosesin təxirə salındığını elan edib.
Növbəti məhkəmə iclası yanvarın 30-na təyin olunub.
“Meydan TV işi” məhkəməsi