Avropa Parlamenti bu ilki Saxarov Düşüncə Azadlığı mükafatını həbsdə olan jurnalistlər – gürcüstanlı Mzia Amaqlobeli və belaruslu Andrey Poçobuta təqdim edib.
Nə baş verib?
- Oktyabrın 22-də Avropa Parlamentinin prezidenti Roberta Metsola nüfuzlu mükafatın bu ilki laureatlarını açıqlayıb.
- “Hər ikisi sadəcə öz işlərini gördüklərinə və ədalətsizliyə qarşı çıxışlarına görə hazırda qondarma ittihamlarla həbsdə olan jurnalistlərdir”, – Metsola deyib.
Niyə vacibdir?
Bu qərar Parlamentin söz azadlığı və müstəqil jurnalistika uğrunda mübarizə aparan insanlara dəstəyini, Avropa İttifaqında (Aİ) Lukaşenko rejimi və Avropaya inteqrasiya kursundan uzaqlaşan Gürcüstanla bağlı artan narahatlığı əks etdirir.
Qaliblər

Mzia Amaqlobeli Gürcüstanın Batumelebi və Netgazeti media qurumlarının direktoru, jurnalist və vətəndaş fəalıdır.
- 2025-ci ilin yanvarında hökumət əleyhinə etirazlar zamanı onu təhqir edən polis rəisinə şillə vurduğuna görə həbs edilib.
- Avqust ayında iki müddətinə azadlıqdan məhrum edilib.
- Müstəqil Gürcüstan tarixində ilk qadın siyasi məhbus hesab edilir.
- Avropa Parlamenti iyun ayında qəbul etdiyi qətnamə ilə onun azadlığa buraxılmasını tələb edib və Gürcü Arzusu hökumətinin demokratik institutlara hücumlarını pisləyib.
Andrey Poçobut Belarusdakı polyak azlığın nümayəndəsi, jurnalist və blogerdir. İllərdir Lukaşenko rejimini açıq şəkildə tənqid edir.
- 2021-ci ildən həbsdədir, 8 il azadlıqdan məhrum edilib.
- Həbsxanada səhhəti pisləşib. Ailəsi ilə görüşünə icazə verilmir.
- Avropa Parlamenti 2023-cü ildə onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib.
Bundan əvvəl

- Saxarov mükafatı 2020-ci ildə Belarusun demokratik müxalifətinə təqdim edilmişdi.
- Parlament oktyabrın 22-də Belarusdakı vəziyyət yenidən müzakirəyə çıxarıb və qətnamə qəbul edib.
- Müzakirələrdə Belarus müxalifətinin liderləri Sergey Tixanovski və Svetlana Tixanovskaya da iştirak edib.
- Qətnamədə Belarusun demokratik qüvvələrinə dəstəyin davam etdirilməsinə çağırılır, Lukaşenko rejiminin repressiyaları pislənir.
- Gürcüstana gəldikdə, Parlament ölkədəki “demokratik geriləməni” tənqid edən bir neçə qətnamə qəbul edib.
- Ötən ilin oktyabrında baş tutan parlament seçkilərinin nəticələrini tanımayıb.
- Avropa İttifaqını “Gürcü Arzusu” rəsmilərinə qarşı sanksiyalara çağırıb.
Saxarov mükafatı
- Sovet fiziki və dissidenti Andrey Saxarovun adını daşıyan bu mükafat Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükafatıdır.
- 1988-ci ildən bəri insan haqlarını, fikir və söz azadlığını müdafiə edən şəxslərə və təşkilatlara təqdim edilir.
- Mükafatın laureatları arasında Nelson Mandela, Malala Yusufzay, Aleksey Navalnı, Ales Belyatski kimi adlar var.
- Ötən ilki laureat, venesuelalı müxalif lider Mariya Korina Maçado bu il Nobel Sülh mükafatı verilib.
- Azərbaycandan bu günədək hüquq müdafiəçisi Leyla Yunus (2014-cü il) və iqtisadçı Qubad İbadoğlu (2024-cü il) mükafata namizəd olublar.
Nə gözlənilir?
- Mükafatın təqdimetmə mərasimi dekabrın 16-da Strasburqda baş tutacaq.