Bayır Şəhərdə söküntü
Bakının ən qədim yaşayış məhəllələrindən biri – Bayır Şəhər sistemli şəkildə dağıdılır. Həzi Aslanov, Zərgərpalan, Molla Vəli Vidadi, Bəşir Səfəroğlu kimi küçələrdə söküntülər gecə-gündüz aparılır, ekskavatorlar daş eyvanlı evlərin divarlarını uçurur.
Sakinlərin etirazları, sosial mediada yayılan görüntülər və memarların çağırışları isə rəsmilər üçün heç nə ehtiva etmir. Bu ərazi Bakı şəhərinin 2040-cı il baş planına görə “xüsusi mühafizə olunan tarixi zona” elan edilib. Amma bu fakt söküntüləri dayandırmağa yetmir. Reallıq odur ki, Bakının tarixi məhv edilir.
Azərbaycan hakimiyyətinin yüksək vəzifəliləri – Prezident İlham Əliyev və onun həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyeva beynəlxalq platformalarda mədəniyyətin qorunması, tarixi irsin bərpası və vandalizmə qarşı mübarizə haqqında danışırlar. Bu çıxışların məzmunu ilə Bakının mərkəzində baş verənlər arasında isə ciddi ziddiyyət var.
Bayır Şəhər: rəsmi qorunmalı, faktiki sökülən məhəllə
Bayır Şəhər (“Sovetski” ərazisinin davamı kimi tanınır) İçərişəhəri əhatə edən tarixi məhəllələrin ümumi adıdır. Bu ərazi 2023-cü ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə (№504) rəsmi şəkildə “xüsusi tarixi mühafizə zonası” elan olunub. Burada yerləşən daş evlər, dar küçələr, minarələr və həyət mədəniyyəti Bakının XX əsr yaddaşını daşıyır.
Amma bu qərarın mürəkkəbi qurumadan, Həzi Aslanov, Molla Vəli Vidadi, Zərgərpalan və digər küçələrdə ardıcıl olaraq evlər sökülməyə davam edir. Sakinlər qaz, işıq və su kəsintisi təzyiqi ilə evlərindən çıxarılır, kompensasiya almaq üçün sənəd belə verilmir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ekskavatorların aktiv işlədiyi, tarixi binaların divarlarının uçurulduğu, evlərin qapı və pəncərələrinin əvvəlcədən çıxarılaraq “hazırlandığı” açıq-aşkar görünür.
2023-cü ilin əvvəlində ərazidə yaşayan sakinlər hökumətə qarşı 2000-dən çox imza toplayaraq bu prosesi dayandırmaq üçün müraciət ediblər. Lakin heç bir rəsmi reaksiya gəlməyib. Dövlət televiziyaları da həmişəki kimi bu barədə susur.
Bütün bu fonun mərkəzində isə Azərbaycan dövləti “mədəniyyət himayədarı” obrazı ilə çıxış edir.
- Yazıçı Rafiq Tağının öldürülməsindən 13 il keçir
- “Sputnik Azərbaycan”nın icraçı direktoru İqor Kartavyx Rusiyaya göndərilib
- Cabir İmanovun ölümündən sonra: “Özünə və qardaşının ruhuna hörmət elə”
Mehriban Əliyeva: UNESCO/ISESCO səfirliyi və mədəni himayədarlıq
Mehriban Əliyeva 2004-2022-ci illərdə UNESCO-nun xoşməramlı səfiri olub. 2006-cı ildə İSESCO-da da eyni statusu alıb. Bu statuslar çərçivəsində o, mədəni irsin qorunması və dünya xalqları arasında mədəniyyətlərarası dialoqdan dəfələrlə danışıb.
Heydər Əliyev Fondu vasitəsilə Azərbaycanda və xaricdə müxtəlif musiqi festivalları, tarixi abidələrin bərpası layihələri və UNESCO çərçivəsində tədbirlər həyata keçirilib. Parisdə keçirilən Azərbaycan mədəniyyət günlərindən tutmuş “Muğam aləmi” beynəlxalq festivalına qədər onlarla təşəbbüs “mədəniyyət himayədarlığına həsr olunub”.
Lakin bu status və çıxışlar ölkə daxilində baş verən real vəziyyətlə üst-üstə düşmür. UNESCO-nun təbliğ etdiyi dəyərlər – tarixi yaddaşın qorunması, abidələrin yaşadılması, icmaların irsinə hörmət Bayır Şəhərdə pozulur. Burada dağıdılan yalnız daşlar deyil, yaşanmış həyat, ailə hekayələri, memarlıqdır və bütün bunlar susqun şəkildə yox edilir. UNESCO-nun sabiq səfirindən isə bu prosesə dair heç bir reaksiya yoxdur.
İlham Əliyev və vandalizm ritorikası
Prezident İlham Əliyev Qarabağ münaqişəsi çərçivəsində Ermənistanın törətdiyi dağıntıları “vandalizm”, “barbarlıq”, “mədəni soyqırımı” kimi sözlərlə səciyyələndirir. Məsələn, 2021-ci ilin martında Şuşada etdiyi çıxışda deyib:
“Ermənilər işğal dövründə bütün tarixi abidələrimizi söküb, vandallıq ediblər, barbarlıq ediblər”.
2022-ci ildə “TASS” agentliyinə müsahibəsində isə vurğulayıb:
“Misli görünməmiş, ağlasığmaz miqyasda vandallıq törədilib. Tarixi, dini irsimiz məhv edilib”.
Bu ifadələr doğrudur və obyektiv reallığı əks etdirir. Lakin eyni ritorikanın Bakının öz mərkəzində baş verənlərə tətbiq olunmamasına nə demək olar?
Bayır Şəhərdə daş evlərin, taxta balkonların, həyət ab-havasının ekskavatorlarla məhv edilməsi əgər vandalizm deyilsə nədir?
Beynəlxalq imic və daxili reallıq
Azərbaycanın hakim ailəsi uzun illərdir ölkəni mədəniyyət layihələri və festival diplomatiyası ilə tanıtdığını iddia edir. Bu, ölkənin beynəlxalq imicinə təsir edən və “yumşaq güc” formalaşdıran siyasət kimi təqdim edilir. Lakin bu imic ölkə daxilində baş verənləri ört-basdır etməməlidir.
Əgər Mehriban Əliyevanın təmsilçisi olduğu UNESCO və ISESCO ilə mədəniyyətə bağlılıq iddiası varsa, niyə Bayır Şəhərin söküntüsü rəsmi səviyyədə dayandırılmır? Əgər Prezident mədəni irsin dağıdılmasını “vandalizm” adlandırırsa, niyə paytaxtda eyni proseslərə “dur” deyilmir?
Bu aşkardır ki, ölkənin – Bayır şəhərin, Bakının yaddaşın, tarixi məhəllələrin taleyi ikinci plandadır. Yəqin əsas odur ki, xaricdə mədəniyyət layihələri ilə “pozitiv imic” formalaşsın. UNESCO səfiri titulu, konsertlər, beynəlxalq forumlar, sərgilər təşkil edən bu “mədəniyyət və irs quruyucuları” Bakını bilərək və istəyərək tanınmaz hala salır.
Və sonda
Bakı yaddaşsızlaşdırılır. Prezident Administrasiyasından 500 metr aralıda, tarixin ekskavatorla dağıdıldığı bir şəhərdə, mədəniyyət və irs sadəcə vitrin üçün qorunacaq.