Fransanın keçmiş prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbsə göndərilib. O, müasir Fransa tarixində həbsxanaya göndərilən ilk prezidentdir.

Nə baş verib?

  • Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya diktatoru Müəmmar Qəddafidən alınan gizli vəsaitlə maliyyələşdirməkdə təqsirli bilinərək 5 il həbsə məhkum edilib.
  • Sarkozi apellyasiya şikayəti versə də, cinayətin “müstəsna çəkisi”nə görə apellyasiya prosesi bitmədən həbsxanaya göndərilib, Le Monde yazır.
  • Tərəfdarları bu gün onu həbsxanaya “Nikola”, “Nikola” şüuarları ilə yola salıb.

Niyə vacibdir?

Sarkozi Vişi rejiminə başçılıq etmiş Filipp Petandan sonra həbsə göndərilən ilk sabiq dövlət başçısıdır. Bu isə Fransa siyasətində və hüquq sistemində prezidentlərin toxunulmazlığı və korrupsiya ilə mübarizə baxımından yeni presedent yaradır.

Detallar

  • Paris məhkəməsi onu sentyabrın 25-də qeyri-qanuni maliyyə razılaşmaları cinayətində iştirakçılıqda təqsirli bilib.
  • Qərara görə, Sarkozi yaxın köməkçiləri Klod GeanBris Ortöfö vasitəsilə Qəddafi rejimi ilə gizli maliyyə danışıqları aparmağa şərait yaradıb.

Sarkozi ittihamlarla razılaşmır və ona qarşı siyasi təzyiq adlandırır.

Nikola Sarkozi, Fransanın sabiq prezidenti, həbsxanaya gedir. Creator: Sarah Meyssonnier | REUTERS
Nikola Sarkozi həbsxanaya gedir | Sarah Meyssonnier/REUTERS

“Məni həbs edənlər sabiq prezident deyil, günahsız bir insanı həbs edirlər. Heç bir imtiyaz istəmirəm. Həqiqət qalib gələcək.”, – Sarkozi həbsindən əvvəl yazıb.

Pərdəarxası

Sarkozini adı (Nikola Pol Stefan Sarkozy de Naji-Boksa) son illərdə bir neçə korrupsiya işində hallanıb.

Digər bir korrupsiya işinə görə 2021-ci ildə 3 il azadlıqdan məhrum edilib. Ancaq şərti cəza və ev dustaqlığı ilə indiyədək həbsxanaya getməyib. Bundan əlavə,

  • Fransanın Fəxri Legion ordenindən məhrum edilib.
  • Ötən il elektron qolbaqla gəzib.

Nə gözlənilir

  • Sarkozi La Santé həbsxanasında 9 kvadratmetrlik kamerasında apellyasiya qərarını gözləyəcək.
  • Özü ilə həbsə günahsız qəhrəmanın ədalət mübarizəsindən bəhs edən “Qraf Monte Kristo” romanını və İsa Məsih haqqında bioqrafiya apardığını deyib.

Leave A Reply