Meydan TV jurnalistlərinə zorakılıq

Bakı İstintaq Təcridxanasında (BİT, Kürdəxanı türməsi kimi tanınır) saxlanılan qadın siyasi məhbus jurnalistlər həbsxanada zorakılığa məruz qaldıqlarını bildirirlər.

Onların yaxınları vasitəsilə yayılan məlumata görə, təcridxananın rəis müavini Cavid Gülalıyev onlara qarşı təhqiramiz və alçaldıcı ifadələr işlədib.

Məhbus jurnalistlərin bildirdiyinə görə, Cavid Gülalıyev “Mənim toxumum hər yerdədir” ifadəsini işlədərək onları hədələyib. Onlar bildirirlər ki, rəis müavini və onunla birlikdə olan əməkdaşlar tərəfindən qanunsuz axtarış aparılıb, fiziki və psixoloji zorakılıq tətbiq olunub.

Baş verən zorakılıq barədə buradan daha ətraflı oxuya bilərsiniz: İstintaq təcridxanasında “Meydan TV”-nin qadın jurnalistlərinə qarşı zorakılıq olub

Jurnalistlərin sözlərinə görə, axtarış zamanı şəxsi əşyalar dağıdılıb, onlara qarşı kobud davranılıb və ləyaqətlərini alçaldan ifadələr səsləndirilib. Hadisənin məqsədinin təzyiq göstərmək və onları susdurmaq olduğu iddia olunur.

Bu, Bakı İstintaq Təcridxanasında məhbuslara qarşı kobud rəftar və işgəncə ilə bağlı yayılan ilk məlumat deyil. Daha əvvəl həbs həyatı yaşamış jurnalist Əvəz Zeynallı da BİT rəisi Elnur İsmayılov və onun müavini Cavid Gülalıyevin fəaliyyəti ilə bağlı silsilə materiallar dərc edib. Həmin yazılarda təcridxanada məhbuslara qarşı zorakılıq və qeyri-insani rəftar nümunələri yer alıb.

“AbzasMedia” kollektivi də müxtəlif vaxtlarda təcridxanada baş verən hadisələrlə bağlı ictimaiyyətə məlumatlar təqdim edib və saxlanılan şəxslərin hüquqlarının pozulduğunu bildirib.

Buna baxmayaraq, adı hallanan şəxslərlə bağlı təkrar şikayətlər ortaya çıxsa da, indiyədək nə Ədliyyə Nazirliyi, nə də Penitensiar Xidmət tərəfindən məsələyə dair açıq və rəsmi reaksiya verilib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Hüquq müdafiəçiləri isə iddiaların müstəqil və şəffaf şəkildə araşdırılmasının vacibliyini vurğulayırlar.

Meydan TV jurnalistlərinə zorakılıq

Leave A Reply