Ötən il sentyabrın 27-də Azərbaycan ilə Ermənistan arasında başlayan və 44 gün davam edən Qarabağ müharibəsi arxasında onlarla şəhid, qazi ilə yanaşı psixoloji travma almış insanlar da buraxdı.
Heç kim bu müharibənin başlanacağına demək olar ki, inanmırdı. Hərşey bir anda baş vermiş kimi görünsə də Azərbaycan və Ermənistan arasındakı savaş və onun insanlar üzərində yaratdığı travma illərdir ki, davam edir.
23 yaşlı Malik (ad dəyişdirilib) uşaqlıqdan bəri Qarabağı “azad etmə” xəyalıyla böyüyüb. Ailəsi, cəmiyyət və oxuduğu məktəbdə ona həmişə Qarabağı azad etmə duyğusu aşılanıb. Müharibə günlərində əsgərlikdə olan Malik (Xankəndi) yaxınlığındakı döyüşlərdə iştirak edən Malik deyir ki,
“Ölkədə müharibənin yaraları heç vaxt sağalmır. Düzdür, birinci Qarabağ müharibəsi dövründə mən uşaq olmuşam, lakin onunla böyümüşəm”
O, müharibənin ilk ayında olduca təşvişə düşüb, dostlarını itirdikcə psixoloji travma yaşayıb.
“Bu müharibənin travmaları isə tamamilə fərqli idi. Mənə düşünürəm ki, bu travmadan çıxmaq asan olmayacaq. Düşünün insanların qolları və ayaqları yox idi, müxtəlif bədən nahiyələrində qəlpə yaraları vardı”.
“Göydən həqiqi mənada od ələnirdi. Bircə şey düşünürdüm bunun sonu necə olacaq?!”.
Malik müharibədən sonra başa düşüb ki, onun beynində nəsə baş verir. Hətta yuxuya gedə bilmir. Daima narahatlıq hissi duyur, xüsusilə də həyəcan siqnalının demək olar ki, kəsilmədiyi Xankəndində əlləri titrəməyə başlayıb, iştahası kəsilib.
“Özümü inandırırdım ki, bütün bunlar yorğunluqdan baş verir. Mənə elə gəlirdi ki, evə qayıtsam, dincəlsəm, hər şey keçəcək. Lakin sonra başa düşdüm ki, səs-küydən səksənirəm, daima partlayış və yaralıların inilti səsləri qulağımda cingildəyir”.
Malikin stasionat müalicəsi artıq başa çatıb. Özünü daha yaxşı hiss etdiyini deyir, lakin kimsə səs salanda əsəbləşir. Gecələr tez-tez oyanır, indiyə kimi göydə partlayan silah səslərini unuda bilmir.
Müharibədən sonra travma alan, aldıqları travma səbəbilə davranışlarında pozğunluq olan onlarla insanın hekayəsini eşitmək mümkündür.
Bu müharibədən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi müharibədə yaralanmış insanlar, şəhid ailələri və onların ailə üzvlərinə psixoloji dəstək həyata keçirib.
Rəsmi məlumata əsasən sixoloq və psixiatrlardan ibarət qruplar 712 ailə ilə görüş keçirib. Psixoloji dəstəyə ehtiyacı olan ailələrə seanslar keçirilib. Həmçinin ilkin yoxlanışdan sonra bir çox şəxsə ehtiyaclarına uyğun şəkildə ödənişsiz dərman preparatları verilib.
Psixiatr Fərqanə Novruzova deyir ki, müharibə ən ağır travmalardan biridir. Müharibə insanların ölməsi, yaralanması, sevdiyi insanları itirməsi, dəhşət, qorxu, terror, kədər, kin və göz yaşı anlamına gəlir. Bütün bunlar müharibənin cəmiyyətdə geniş və çox ciddi psixoloji problemlər yaratmasına səbəb olur.
Ancaq bunlardan əlavə, müharibənin xalqların gələcəyi və cəmiyyət üçün önəm kəsb edən digər iki uzunmüddətli nəticəsi daha var: zorakılığın artması və insani dəyərlərin itirilməsi.
Müharibə zamanı milyonlarla insan evlərindən didərgin düşür, təhlükəsizliyi təmin etmək üçün bir çox travmatik köçlər baş tutur.
Müharibənin fərdlər və cəmiyyətlər üzərində fəlakətə bərabər bir anlayışa səbəb olduğunu və qorxu, təşviş və xaos kimi bir çox mənfi duyğular doğurduğunu ifadə edən
psixiatr F.Novruzova bu vəziyyətin təsirlərinin insanların psixi sağlamlığına birbaşa təsir etdiyini deyir.
Onun sözlərinə görə, müharibə və şiddət hadisələri, ölümlər, yaralanmalar, xəstəliklər, aclıq, gələcək planlarda dəyişiklik, evdən, işdən, məktəbdən, yaşayışdan uzaq olmaq və iqtisadi çətinliklər fərdlərin gücsüz və inamsız vəziyyətlər yaşamasına səbəb olur. Travmatik hadisələr fərdlərdə fiziki və psixoloji problemlər yaradır. Mənəvi dəyərlər zədələnir. Xülasə, bəşəriyyətin gələcəyi üçün mənfi nəticələrə gətirib çıxarır.
Qadınlar daha çox təsirlənir
Qadınların müharibədən, terrordan və cəmiyyətdə iğtişaşlara səbəb olan bütün bu kimi neqativ hallardan daha çox təsirləndiyini vurğulayan psixiatr, kişilərin emosional reaksiyalarını daha yaxşı idarə edə bildiklərini və buna görə də müharibə fenomeninin öhdəsindən daha yaxşı gəldiyini söyləyir.
Ekspert dəstəyi tələb olunur
Müharibənin insan və sosial psixologiyaya birbaşa təsir edən bir qüvvə olduğunu və narahatlığı artıraraq bir çox xəstəliyə səbəb ola biləcəyini izah edən Fərqanə Novruzova, müharibə coğrafiyası və ətrafındakı fərdlərin bir mütəxəssis nəzarətində dəstəklənməli olduğunu vurğulayır. Başda dövlət olmaqla hər kəsin üzərinə böyük vəzifələr düşdüyünü deyən psixiatra görə; “Sağlam nəsil yetişdirmək üçün həm müharibə ilə üzləşmiş şəxslərə, həm də birbaşa və ya dolayı təsirə məruz qalan hər kəsə intizamlı şəkildə psixososial dəstək verilməlidir”.