Naxçıvanda hərbçilərin maaşından Qarabağa yardım adı ilə aylıq 200-300 manat pul yığılır.

Bu haqda xəbəri “Gündəlik Naxçıvan” paylaşıb.
Şikayət edən hərbçilər deyirlər ki, vəziyyətə etiraz edənlər hədələnir:
“Qarabağın tikintisi adı ilə bizdən tutulan pulları mənimsəyirlər. Biz hərbçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq.
Lakin davamlı olaraq maaşlarımızdan tutulması yolverilməzdir. Biz deyilənlərə inanmırıq. Bu maaşı öz zəhmətimiz, alın tərimizlə qazanırıq. Gecə-gündüz dağda-daşda oluruq, əziyyət çəkirik. Lakin Azərbaycanda kifayət qədər zəhmətsiz gəlir götürən məmurlar, iş adamları var. Yaxşı olar ki, Qarabağı tikməkdə onların pulundan istifadə olunsun”.