Mehdiyev hökmdən şikayət edib

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ona 14 il şərti cəza verən hökmündən apellyasiya şikayəti verib. Hökumətyönlü “Qafqazinfo” saytı bunu əldə etdiyi məlumata istinadən yazır.

Saytın yazdığına görə, şikayətdə işə yenidən baxılması, əməllərə müvafiq hüquqi qiymət verilməsi və daha yüngül qərar çıxarılması xahiş olunub. İşə Bakı Apellyasiya Məhkəməsi baxacaq, prosesin tarixi hələ bəlli deyil.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona şərti cəza verilib, dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi və həbs qoyulmuş əmlakının müsadirəsi qərara alınıb. Dövlət Təhlükəsizliyi Xidməti ötən il onun dövlət çevrilişinə cəhdi ilə bağlı olduğunu dediyi səs yazılarını yaymışdı.

Hökmdən sonra Mehdiyev Elmlər Akademiyasının üzvlüyündən çıxarılıb, onun kitabları kitabxanalardan yığışdırılır. Bu ayın ortalarında “Qafqazinfo” Mehdiyevin qızının vəkili Raman Abışovun da həbs edildiyini yazmışdı.

Leave A Reply