Tramp qülləsinə şübhəli pullar
“Deutsche Bank”dan sızan sənədlərə görə, bank 2014-2020-ci illərdə Donald Trampın Bakıdakı “Trump International Hotel & Tower” layihəsinə bağlı iki ABŞ şirkətinin, “DT Marks Baku” və “THC Baku Services”in hesablarına gələn ödənişləri dəfələrlə şübhəli sayıb. Bu barədə “Inside Deutsche Bank” beynəlxalq araşdırmasının Azərbaycanla bağlı hissəsini dərc edən rusdilli “Vajnıye istorii” nəşri yazıb.
Nəşrə görə, bank ilk dəfə 2014-cü ilin avqustunda “DT Marks Baku”ya “Danske Bank”ın Estoniya filialındakı adı açıqlanmayan müştəridən gələn ödənişi şübhəli sayıb, ödənişin məqsədini və göndərənlə alan arasındakı əlaqəni müəyyən edə bilməyib. 2015-ci ilin aprelində isə “THC Baku Services” Britaniyada qeydiyyatdan keçmiş “Faberlex” şirkətindən 141 min dollardan çox pul alıb. “Faberlex” OCCRP-nin 2017-ci ildə dərc etdiyi “Azərbaycan laundromatı” araşdırmasında sxemin əsas şirkətlərindən biri kimi göstərilib.
Hollandiyanın “Follow the Money” araşdırma platformasının yazdığına görə, bank daxili təhlilində bu pulları həm “Azərbaycan laundromatı”, həm də Kremlə yaxın oliqarxlarla bağlı Rusiya çirkli pul şəbəkəsi ilə əlaqələndirib. Bankın 2020-ci ilin mayına aid daxili qeydinə görə, Trampın Bakı şirkətləri ilə bağlı şübhəli əməliyyatların ümumi məbləği 3 milyon dolları keçib.
33 mərtəbəli otel layihəsinə 2012-ci ildə başlanıb, amma bina heç vaxt istifadəyə verilməyib. Trampın tərəfdaşları o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qohumları olub. Tramp şirkəti layihədən 2016-cı ilin sonunda çıxıb. Trampın öz bəyannaməsinə görə, o, layihəni idarə etdiyi üçün 2015-ci ildə təxminən 2,5 milyon, 2016-cı ildə 300 min dollardan bir qədər çox gəlir əldə edib. “Trump Organization” 2017-ci ildə Trampın layihədə “passiv rol” oynadığını, yalnız adından istifadəyə lisenziya verdiyini demişdi.
OCCRP-nin araşdırmasına görə, 2012-2014-cü illərdə Britaniyada qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə, əsasən “Danske Bank”ın Estoniya filialı üzərindən təxminən 2,9 milyard dollar köçürülüb, bu pulun bir hissəsi Avropa siyasətçilərinə ödənilib. Azərbaycan hökuməti o vaxt araşdırmanı rədd etmişdi. Sonradan AŞPA-nın keçmiş üzvü, italyan siyasətçi Luka Volonte Azərbaycan rəsmilərindən rüşvət aldığına görə 2021-ci ildə dörd il həbs cəzası alıb, “Vajnıye istorii”yə görə, ona pul məhz “Faberlex” vasitəsilə ödənilib.
“Deutsche Bank” şübhəli əməliyyat hesabatları barədə danışmağın qanunla qadağan olduğunu, bu məsələlərin “uzun illər əvvələ aid” olduğunu bildirib. “Trump Organization” jurnalistlərin suallarını cavabsız qoyub, Ağ Ev isə sualları bu şirkətə yönləndirib. “Danske Bank” çirkli pulun yuyulmasının heç vaxt baş verməməli olduğunu və işin 2022-ci ildə Danimarka və ABŞ orqanlarının qərarları ilə bağlandığını xatırladıb.


