Rusiya Türkiyənin Ukraynaya Bayraktar TB2 pilotsuz təyyarələri satmasından şikayətlənir
Türkiyə rəsmiləri Rusiyanın etirazlarına baxmayaraq Bayraktar pilotsuz hücum təyyarələrinin özəl müdafiə şirkəti Baykar Makina tərəfindən Kiyevə satıldığını iddia edir.
Rusiya Bayraktar TB2 pilotsuz təyyarələrinin Ukraynaya satışı ilə bağlı Türkiyəyə şikayət edib. Bu barədə Reuters yüksək rütbəli türkiyəli məmura istinadən məlumat yayıb.
O, pilotsuz təyyarələrin özəl türk şirkəti tərəfindən satıldığını, bunun dövlətlərarası sövdələşmələrin nəticəsi olmadığını açıqlayıb.
“Rusiyalılar qəzəblənir, bəzən pilotsuz uçan aparatların satışından şikayətlənirlər. Əvvəl də şikayətlənirdilər, indi də. Biz də cavab verdik ki, bunlar özəl şirkətlərdir. Pilotsuz təyyarələrin alınması müharibədən əvvəl həyata keçirilib”, – agentliyin həmsöhbəti bildirib.
Türkiyənin müdafiə şirkəti Baykar Makina Rusiya Federasiyasının etirazlarına baxmayaraq, Kiyevə pilotsuz təyyarələr satıb. Şirkət Rusiyanın Ukraynanı genişmiqyaslı işğalından əvvəl Ukraynada birgə istehsala dair müqavilə imzalayıb, bununla da Moskvanı qəzəbləndirib.