
2012-ci il martın 1-də Quba şəhərində genişmiqyaslı etiraz aksiyası baş verdi.
Həmin dövrdə Qubanın icra başçısı olan Rauf Həbibovun yerli sakinlər barədə təhqiredici ifadələr işlətməsi və bu çıxışın internetdə yayılması əhalinin narazılığına səbəb olmuşdu. Xalq bu ifadələri alçaldıcı hesab edərək, onun istefasını tələb etmək üçün küçələrə çıxdı.
Təxminən 15 min insanın iştirak etdiyi etiraz aksiyası getdikcə gərgin xarakter alırdı. Etirazçılar ilk öncə icra başçısının evini yandırdı, daha sonra isə yerli icra hakimiyyətinin binasına hücum etdilər.
Hadisələrin qarşısını almaq üçün əraziyə əlavə polis qüvvələri və xüsusi təyinatlı dəstələr göndərildi. Aksiyaçılarla hüquq-mühafizə orqanları arasında ciddi qarşıdurmalar yaşandı.
Bir neçə saat davam edən etirazlardan sonra, polis və xüsusi təyinatlılar ərazini nəzarət altına aldılar.
Hadisələrin ölkə miqyasında geniş müzakirələrə səbəb olması fonunda, 2 mart 2012-ci ildə Prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad etdi.
Quba hadisələri Azərbaycanda yerli icra hakimiyyətinə qarşı xalq narazılığının açıq şəkildə ifadə edildiyi mühüm hadisələrdən biri kimi yadda qaldı.
Quba hadisələri ilə əlaqədar 30-dan artıq insan məsuliyyətə cəlb edildi. Onların arasında keçmiş bələdiyyə sədri, media işçiləri və videonu sosial şəbəkələrdə paylaşan insan da var idi.