Müdafiə Nazirliyi
Müdafiə NazirliyiPrezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında bu gün, dekabrın 25-də sərəncam imzalayıb.

Həmin sənədə görə, onun 2020-ci il 28 sentyabr tarixli sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular bu il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Yaxınlarda mərhələli tərxis gözlənilir

Bundan iki gün əvvəl, dekabrın 23-də Azərbaycan Müdafiə Nazirliyi də bu məsələ ilə bağlı açıqlama vermişdi. Orada qeyd edilib ki, səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir:“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir. Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib”.

Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycanda qismən səfərbərlik elan etmişdi.

Döyüşlər başa çatdıqdan sonra İ.Əliyev dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış şəxslərin tərxis prosesi ilə bağlı sərəncam verib. Orada üç, ya daha çox uşağı olan və bir sıra başqa şəxslərdən söhbət gedir. Bu sərəncamın icrasında gecikmə olduğu söylənir.

 

Mənbə: Azadlıq Radiosu

Leave A Reply